Avropa Parlamenti Azərbaycana qarşı qətnamə müzakirə edir
Avropa Parlamenti iyunun 15-də jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı məsələni müzakirə edəcək və yekun olaraq qətnamə qəbul olunmalıdır.
Hələlik altı belə qətnamə layihəsi təklif olunub. Qətnamə layihələrini Avropa Parlamentinin altı deputat qrupu ayrı-ayrılıqda təklif edib. Bunlar Yaşıllar, sağ mərkəzçi EPP, mühafizəkar ECR, liberal ALDE, sosial-demokrat S&D və sol GUE qruplarıdır.
Bunlardan GUE istisna olunmaqla, qalan beş qrup parlamentə ümumi müzakirəyə çıxarmazdan öncə öz layihələrini birləşdirib bir sənədlə çıxış etməyə çalışırlar.
Təklif olunan qrupların layihələrinin məzmunu aşağıdakı kimidir:
«Avropa Mühafizəkarları və İslahatçıları» adlı ECR qrupun təklif etdiyi layihədə deyilir ki, Əfqan Muxtarlıya qarşı ittihamlar dərhal götürülməli və o, şərtsiz azad olunmalıdır. Həmçinin layihədə deyilir ki, Azərbaycanda həbsdə olan digər hüquq müdafiəçiləri, jurnalistlər də azadlığa buraxılmalıdır, o cümlədən İlqar Məmmədov və Mehman Hüseynov.
«Avropa Naminə Liberalların və Demokratların Alyansı» adlı ALDE qrupun layihəsində isə Gürcüstanın yadına salınır ki, İnsan Haqları üzrə Konvensiyanı imzalayan Gürcüstan işgəncə, qeyri-insani davranış gözləyə bilən insanı Azərbaycana verə bilməzdi. Gürcüstan həmçinin, belə insanları ölkədən çıxara və deportasiya da edə bilməz.
ALDE qrupu həbsdən azad olunmalı 17 siyasi, ictimai fəalı adbaad sadalayır və həmçinin təklif edir ki, İntiqam Əliyev, Xədicə İsmayıl və başqalarına ölkədən çıxmağa qadağa götürülsün.
Layihədə Azərbaycan media, ifadə, toplaşma azadlıqlarına hörmət qoymağa çağırılır.
«Avropa Xalq Partiyası» adlı EPP qrupun layihəsində Azərbaycanda insan haqları ilə bağlı durumun pisləşməsindən ciddi narahatlıq bildirilir. Əfqan Muxtarlının həbsi kəskin pislənilir. Azərbaycan hakimiyyətinin tənqidçiləri xaricdə də hədəfə almasından, sıxışdırmasından dərin narahatlıq bildirilir. Söz azadlığına qarşı basqılar da kəskin pislənilir və deyilir ki, Azərbaycan ifadə azadlığını beynəlxalq standartlara uyğun təmin etməlidir.
«Avropanın Azad Yaşıllar Alyansı» adlı VERTS/ALE qrupunun layihəsində Əfqan Muxtarlının Gürcüstandan oğurlandığı qeyd edilir və onun Azərbaycan verilməsi «qanunsuz» adlandırılır.
Layihədə deyilir ki, Gürcüstan bu ölkəyə sığınanların qorunmasını təmin etməlidir.
Azərbaycan hakimiyyətinə isə təkid olunur ki, müstəqil vətəndaş cəmiyyəti qruplarının maneəsiz fəaliyyətini təmin etsin.
«Avropanın Birləşmiş Solçuları-Şimal Yaşıl Solçular» adlı GUE/NGL qrupun layihəsində deyilir ki, həbsdə olan bütün siyasi və ictimai fəallar, jurnalistlər dərhal və şərtsiz azad olunmalıdır.
Bloqqer və ictimai fəal Mehman Qələndərovun həbsdə ölməsinin tam, açıq, şəffaf və tərəfsiz istintaqı aparılmalıdır.
Layihədə həmçinin deyilir ki, QHT-lərin dondurulmuş bank hesabları açılmalı, Azərbaycan qanunlarına uyğun olaraq QHT-lərin xarici maliyyələşməyə çıxışına imkan verilməlidir.
Sosial-demokratların S&D qrupunun layihəsində deyilir ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət durmadan pisləşir və bu geniş Avrasiyada son 10 ildə ən pis geriləmələrdən biridir.
Göz qorxutma, repressiyalar güclənir. Həbsxanalarda fiziki zorakılıq, işgəncə, jurnalistlərin, QHT rəhbərlərinin, müxalifət nümayəndələrinin kriminal ittihamla təqib olunması artır.
Layihədə deyilir ki, həbsdə olan və səhhəti pisləşən jurnalistlər və siyasi məhbuslar təcili azad olunmalıdır.
azadliq.org