Fikrət Fərəməzoğlu 7 il azadlıqdan məhrum edildi
”Polislərin fəaliyyətini tənqid etdiyim üçün cəzalandırılıram”
İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, “Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməzoğlu) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu haqda Meydan TV məlümat verir.
Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə F.Fərəməzoğlu son sözlə çıxış edib. O, ittihamların əsassız olduğunu, heç kimdən pul almadığını deyib:
“Mən polislərin fəaliyyətini tənqid etdiyim üçün cəzalandırılıram. Məhkəmədə isə ədalət görmədim, amma hüquqlarımı sonacan müdafiə edəcəyəm”.
Daha sonra F. Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, F. Fərəməzoğlu 2 il jurnalist fəaliyyətindən məhrum edilməklə, 7 il azadlıqdan məhrum edilib.