Siyasət

Qənimət Zahid: “Mənə qarşı sui-qəsd hazırlanır”

“Azadlıq” qəzetinin redaktoru və “Azərbaycan saatı” teleproqramının təsisçisi, Fransada mühacirətdə yaşayan Qənimət Zahid Azərbaycanın xüsusi xidməti tərəfindən ona qarşı sui-qəsdin hazırlandığını bildirib.

O, Facebook səhifəsində yerləşdirdiyi müraciətdə qeyd edib ki, dövlət başçısı Dövlət Təhlükəsizlik Xidmətinə onu öldürmək barədə göstəriş verib.

Bu informasiyanın mənbəyini açıqlamayan Q.Zahid bildirir ki, əmrə əsasən qətl təbii ölümə bənzər şəkildə olmalıdır.

“Mənə qarşı terror planı var” kimi açıqlamanı yaymaqdan xoşum gəlmir, amma bunu yalnız planlaşdırılan terroru ifşa etmək üçün bəyan edirəm”, – o yazıb.

“Bizim gördüyümüz işlər bir nəfərin varlığı üzərində deyil, biz olmayanda bu işləri davam edəcək başqaları var”, – o vurğulayıb.

Qənimət Zahid 90-cı illərin ortalarından “Azadlıq” qəzetinin redaktorudur.

Bir neçə il öncə uydurma xuliqanlıq ittihamı ilə həbs edilib və iki il həbsdə qalıb.

Azadlığa çıxdıqdan sonra ona təzyiqlər dayanmayıb və o, Avropaya mühacirət etməyə məcbur olub.

4 il öncə “Azərbaycan saatı” teleproqramını təsis edib. Veriliş peyk vasitəsilə və İnternetdə yayımlanır.

Böyük populyarlıq qazanan proqram Azərbaycanda hakim rejimin əsas tənqidçilərindən biridir.

Daha çox göstər
Back to top button