İctimaiyyət

Bayram Məmmədovun kassasiya şikayəti təmin olunmayıb

Bu gün Ali Məhkəmədə heykəl məhbusu Bayram Məmmədov haqqında hökmdən verilmiş kassasiya şikayətinə baxılıb. Fərhad Kərimovun sədrlik etdiyi, Gülzar Rzayeva və İmrah Hacıqayıbovdan ibarət hakimlər heyəti kassasiya şikayətini təmin etməyib. Gənc fəalın 10 il azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qərardan əvvəl Bayram Məmmədovun vəkili Elçin Sadıqov və dövlət ittihamçısı Rizvan Şammədov çıxış edib.
Elçin Sadıqov müvəkkili haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Müdafiəçi bildirib ki, Bayram Məmmədov saxlanılarkən onun müdafiə hüququ kobud şəkildə pozulub. İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə edib: “Polislə əməkdaşlıq edən hal şahidlərinin ifadələrinə əsaslanıblar. Məhkəməyə həmin hal şahidlərindən birinin narkomaniyadan əziyyət çəkməsi, rəsmi qeydiyyatda olmasını təsdiqləyən sübut təqdim eləmişik. Bu işdəki hal şahidlərinin eyni əməliyyatçılarla, konkret olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat müvəkkili Şirəli Babayevlə başqa işlərdə də əməkdaşlıq etdiyini təsdiqləyən sübutlar ortaya qoymuşuq. Məhkəmə hökm çıxararkən Bayram Məmmədovdan işgəncə yolu ilə alınmış ifadələrə istinad edib”.
Elçin Sadıqov onu da əlavə edib ki, istər Bakı Ağır Cinayətlər Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsində Bayram Məmmədovun işinə baxarkən müdafiə tərəfinin heç bir vəsatətini təmin etməyib.
Dövlət ittihamçısı Rizvan Şammədovun çıxışı isə qısa olub. Prokuror kassasiya şikayətinin əsassız olduğunu bildirib və təmin olunmamasını istəyib.
Hakimlər də heç müşavirə otağına getmədən kassasiya şikayətinin təmin olunmaması haqda qərar qəbul edib.
Məhkəmədən sonra vəkil Elçin Sadıqov “Azadliq.info”ya bildirib ki, qərarı əldə edəndən sonra gənc fəalın hökmündən Avrova İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklər. Bu, Bayram Məmmədovun Avropa Məhkəməsinə göndərdiyi beşinci şikayət olacaq: “Bundan əvvəl Avropa Məhkəməsində Bayram Məmmədovun dörd şikayəti vardı – işgəncəyə məruz qalması, barəsində qanunsuz olaraq, həbs-qətimkan tədbirinin seçilməsi, axtarış və götürmə protokolunun qanunsuzluğu”.
Elçin Sadıqov bir daha vurğulayıb ki, Bayram Məmmədova qarşı ittiham saxtadır. O, Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarını yazdığına görə cəzalandırılıb: “Həm Qiyas İbrahimov, həm də bayram Məmmədov heykəlin postamentinə şüar yazdıqlarına görə həbs olunublar. Onların işgəncəyə məruz qalması, törətmədikləri cinayətə görə cəzalandırılması da bunun nəticəsidir”.
Bayram Məmmədov və digər gənc fəal Qiyas İbrahimov 2016-cı il mayın 10-da həbs olunublar. Onlara qarşı CM-nin 234.4.3 (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət onların heykəli yazdıqlarına görə cəzalandırıldıqlarını düşünür. “Amnesty İnternational” onları “vicdan məhbusu” elan edib.
Daha çox göstər
Back to top button