AŞPA məruzəçisi: ‘Əfqan Muxtarlı azad edilməlidir’

AŞPA-nın söz azadlığı və jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə baş məruzəçisi Volodymyr Ariev jurnalist Əfqan Muxtarlının işi üzrə bəyanat verib.
AŞPA-nın saytında dərc edilmiş bəyanatda Ə.Muxtarlının taleyindən narahatlıq ifadə olunur.
«O, Azərbaycanda həbsdə saxlanılır. Bu işə Avropa Şurasının Jurnalistikanın və jurnalistlərin təhlükəsizliyinin müdafiəsinə yardım platforması nəzarət edir. Ancaq Azərbaycan hakimiyyətindən heç bir cavab alınmayıb», – bəyanatda deyilir.
Sənəddə Azərbaycanda tənqidçilərə münasibət pislənilir.
«Azərbaycanda müstəqil mətbuata qarşı təzyiqlərin artmasını pisləyirəm. Aydındır ki, bu hücum Azərbaycan hakimiyyətinin korrupsiyası haqqında materialları ilə məşhur olan araşdırmaçı-jurnalistləri susdurmaq məqsədilə törədilib», – V.Ariev bəyanatında vurğulanır.