İctimaiyyət

Jurnalist Kamran Mahmudov polis şöbəsindən buraxılıb

Bu gün Azərbaycan-Gürcüstan sərhədində saxlanılmış jurnalist Kamran Mahmudov saat 12:15 radələrində Qazax rayon polis şöbəsindən buraxılıb. Bu barədə o özü Turan agentliyinə bildirib.

O, Gürcüstana dostu vəkil Cavid Rzazadə ilə birlikdə gedirdi. Sərhəd nəzarətində pasportu yoxlayarkən onu saxlayıblar və növbə rəisinə təhvil veriblər. Hadisə saat 4:37 radələrində baş verib.

O deyib ki, Mahmudovun polis orqanlarına təhvil verilməsi haqqında göstəriş var.

Saat 5 radələrində jurnalisti Qazax rayon polis şöbəsinə gətiriblər və bir müddət sonra DİN-in onun “saxlanması” haqqında 27 aprel 2017-ci il tarixli əmri olduğunu bildiriblər. Saxlanılmasının səbəbini ona izah etməyiblər.

“Mənə çox şey qaranlıq qaldı. Bilmirəm saxlanmam haqqında əmrin səbəbi nədir.

Ölkəmizdə hökumətin jurnalistlərə “diqqətini” nəzərə alaraq, hər şey gözləmək olar”, deyə Mahmudov bildirib.

Polisdə jurnalistlə rəftara gəlincə, Mahmudov deyib ki, xoşbəxtlikdən onun yanında vəkil Rzazadə olub. Amma onu polis şöbəsinə buraxmayıblar və jurnalistin üzərinə baxış zamanı vəkil iştirak etməyib. Bununla belə, onun yanında olması əhəmiyyətli idi.

Jurnalist deyib ki, müsadirə olunan bütün əşyalar, pullar və sənədlər ona qaytarılıb.

Jurnalist ölkədən çıxışının qadağan olunmasının səbəblərini araşdırmaq üçün məhkəməyə müraciət etmək niyyətindədir.

Daha çox göstər
Back to top button