Ekonomika

Daha bir bankın reytinqi aşağı salınıb

«Standard&Poor’s» beynəlxalq reytinq agentliyi «Muğanbank» ASC-nin kredit reytinqini «B-B»(neqativ)-dən «CCC+/C» (yeksək dərəcədə zəif) səviyyəsinə endirib.

Bu haqda agentliyin press-relizində bildirilir.

Bankın reytinq proqnozu da mənfidir.

Agentlik bildirir ki, «Muğanbank» ASC-nin reytinqinin aşağı salınması Azərbaycanda ortaölçülü banklardan ötrü yaranmış əlverişsiz şərait nəticəsində kredit portfelinin pisləşməsi səbəbindən baş verib.

Eləcə də vurğulanır ki, 2016-cı ildə bankın depozit portfeli 30 faiz azalıb.

«Standard&Poor’s» 2016-cı ildə bankın depozit portfelinin 30 faiz azaldığını, yüksəklikvidli aktivlərin 77 faiz düşərək 14.5 mln. manata gerilədiyini qeyd edib. Nəticədə, likvidlik buferi depozitlərin 7.5 faizini təmin edib. Bu göstərici 2015-ci ilin yekununda 24 faiz olub.

Agentlik bankın aktivlərinin keyfiyyətinin pisləşməsini də açıqlayıb.

«2016-cı ildə «Muğanbank» ASC-nin problemli kreditlərinin ümumi portfeldəki payı 15 faizə yüksəlib. Portfelin 10 faizi isə restrukturizasiya olunmuş kreditlərin payına düşüb», – deyə məlumatda bildirilir.

Restrukturizasiya kreditin və ya onun ödənilmə şərtinin dəyişdirilməsi deməkdir.

Bu həftənin əvvəli başqa bir nüfuzlu reytinq agentliyi – «Moody’s» Azərbaycanın 4 bankının da reytinqini aşağı salmışdı.

Reytinqi aşağı salınan banklar «Xalq Bank», «Bank Respublika», «VTB Bank» və «Bank of Baku» idi.

Hazırda Azərbaycanda 32 bank var. Onlardan biri – Azərbaycan Beynəlxalq Bankı xarici öhdəlikləri yerinə yetirməkdən imtina edib. Daha 4 bank problemlərə görə nəzarətə götürülüb.

Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Daha çox göstər
Back to top button