Təhlil

Hazırda Azərbaycan ordusu inkişaf baxımından yuxarı deyil, aşağıya doğru gedir: Cəsur Sümərinli

Cəsur Sümərinli: “Zakir Həsənovun dövründə cəbhə xəttində itkilərin sayı bir neçə dəfə artıb”

26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür. 1918-ci ildə yaranan ordu həm iki illik cümhuriyyət dövründə, həm də 1991-ci ildə Azərbaycan müstəqilliyinin bərpa olunmasından sonra müharibə və atəşkəs zamanı formalaşıb.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli Meydan TV-nin suallarını cavablandırarkən deyib ki, hazırda Azərbaycan Ordusunun hansı inkişaf dövründə olduğunu deməkdə çətinlik çəkir.

O, apardığı araşdırmaların nəticəsinə görə hesab edir ki, orduda nisbətən inkişaf dövrü 2002-2009-cu illərdə baş verib:

“Həyata keçirilən dəyişikliklər əsasən bir sıra müasir qaydaların, sənədlərin qəbulu, media və ictimaiyyətlə əməkdaşlıq istiqamətində müəyyən addımların atılması, ABŞ və Türkiyə ilə hərbi əməkdaşlıq münasibətlərinin güclənməsi, NATO ilə əməkdaşlıq çərçivəsində orduda bir sıra dəyişikliklər aparılması istiqamətindədir. Həmin dövrdə Azərbaycanda SQ-DE NATO təhsilli kadrlar nisbətən fəallaşmağa başlayıb”.

Amma mütəxəssis hesab edir ki, sadalıqları həmin dövrdə Azərbaycan ordusunun tam inkişaf vəziyyətində olduğunu deməyə əsas vermir:

“Çünki elə həmin dövrdə də orduda ciddi qanunsuzluqlar, əsgər ölümləri, zorakılıqlar, “dedovşina” halları, ən əsası rüşvət və korrupsiya vardı. Əgər 1994-2017-ci illər arasındakı dövrü müzakirə ediriksə, müəyyən dəyişikliklər baxımdan məhz 2002-2009-cu illər arasındakı durum nisbətən fərqli görünür”.

Cəsur Sümərinli bildirib ki, hazırda Azərbaycan ordusu inkişaf baxımından yuxarı deyil, aşağıya doğru gedir və son bir ildə, bu, özünü daha bariz göstərir:

“Hərbi qulluqçuların sosial təminatında ciddi problemlər var, şəffaflıq və hesabatlılıq yoxdur, ictimaiyyət qarşısında hər hansı hesabatlılıqdan söhbət gedə bilməz, korrupsiya və ruşvətxorluqla bağlı iddialar davam edir, ordunun quruculuq strategiyası hələ də bəlli deyil, orduya aid strateji qərarlar müəyyən qrup daxilində qəbul edilir və qanunverici hakimiyyətlə razılaşdırılmır. Reallıq ordumuzun inkişafda olması barədə səslənən bəyanatları şübhə altına alır”.

O, fikrini əsaslandırmaq üçün hərbiyə ayrılan xərclər və zabitlərin məvaciblərinə diqqət yönəldib:

“2007-ci ildən başlayaraq hərbiyə ayrılan xərclər kəskin şəkildə artırıldı və bu, 2015-ci ilin sonuna qədər artım tempini saxladı. Əvvəlcə hakimiyyət hərbi qulluqçuların məvaciblərini qaldırdı. Əvvəllər leytenant rütbəli zabit təxminən 70-90 manat məvacib alırdısa, sonrakı 2-3 il ərzində bu göstərici 400-600 manata çatdırıldı. Bu, sözsuz ki, hərbçilərin sosial durumunu xeyli dərəcədə yaxşılaşdırdı. Daha sonra hakimiyyət müəyyən tələblərə cavab verən zabitlərə mənzillər verməyə başladı. Az da olsa bəzi zabitlər evlə təmin olundular. Amma təxminən 2013-cü ildən etibarən hakimiyyət orduda sosial durumun yüksəldilməsinə yönəlik siyasəti dayandırdı və əvəzində Rusiya və İsraildən həcmi milyard dollarlarla ölşülən silah-hərbi texnika almağa başladı. Manat  dəyərdən düşəndən sonra hərbiyə ayrılan xərclər də azaldı”.

Mütəxəssis 2016-cı ilin 1-5 aprel əməliyyatından sonra orduda xəyanətkar axtarışı və rəsmi məlumata əsasən 40-dan çox adamın həbs olunması ilə bağlı sualı cavablandırarkən deyib ki, heç bir zaman vətən xainliyi ilə bağli belə gurultulu bəyanat verilməmişdi:

“Reallıqda nələrin baş verməsi hələ də gizlədilir. Bu addımların hakimiyyətdaxili davanın nəticəsi olmasına dair fikirlər var”.

C.Sümərinli atəşkəs dövründə ən çox itkinin 2016-cı ildə baş verdiyini söyləyib:

“Orduda itkilərin monitorinqinə 2003-cü ilin əvvəllərindən başladıq. İndiyə qədər ən çox itkilər 2016-cı ildə baş verib və sayı 150 nəfərdən çoxdur, onun da əksəriyyətini döyüş itkiləri təşkil edir. Ümumilikdə Səfər Əbiyev dövründə itkilər statistikasinda daha çox qeyri-döyüş itkiləri, intiharlar yer tuturdu. Zakir Həsənovun dövründə isə cəbhə xəttində itkilərin sayı bir neçə dəfə artıb”.

O, təəssüflənib ki, monitorinq apardıqları dövrdə əsgər ölümlərinin rəsmi statistikası açıqlanmayıb.

Daha çox göstər
Back to top button