Beynəlxalq

AŞPA-da debatlar: Azərbaycana qarşı sanksiya tətbiq etməyin vaxtı çatıb

Dünən Strasburqda AŞPA sessiyası çərçivəsində “Avropa Şurasında mətbuatın boğulması: sərhəddən kənarda oğurlanma” mövzusunda debat keçirilib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynovun “Amerikanın Səsi”nə verdiyi məlumata görə, dinləmələrdə Azərbaycanda azad mətbuata qarşı təzyiqlər, bloger Mehman Qələndərovun istintaq təcridxanasında ölümü, Gürcüstanda jurnalist Əfqan Muxtarlının oğurlanması və Azərbaycana göndərilməsi məsələləri diqqət mərkəzində olub.

Dinləmələrdə 10 ölkədən 20-yə yaxın deputat iştirak edib.

“Tədbirdə Gürcüstanın hakim partiyasından iki deputat iştirak edib. Onlar Əfqan Muxtarlının başına gələnlərlə bağlı təəssüflərini bildiriblər, istintaqın tezliklə həqiqəti üzə çıxarmasının tərəfdarı olduqlarını qeyd ediblər”, deyə Hüseynov bildirib.

Ondan başqa, “Azərbaycan saatı” televiziya proqramının təsisçisi Qənimət Zahid Azərbaycandakı vəziyyət haqqında məlumatla çıxış edib.

O, “Azadlıq” qəzetinin və “Turan TV”nin əməkdaşlarına göstərilən təzyiq, habelə ona qarşı hazırlanan sui-qəsd haqqında danışıb.

Gürcüstandan media eksperti qismində çıxış edən “Rezonansi” qəzetinin redaktoru Laşa Tuquşi qeyd edib ki, Muxtarlının oğurlanması Gürcüstanın Qərbə inteqrasiyası ideyasına ziddir.

O, Gürcüstanın mətbuat və vətəndaş cəmiyyəti nümayəndələrinin bundan sonra da Azərbaycanlı həmkarları ilə çiyin-çiyinə işləyəcəklərini vurğulayıb.

Hüseynovun sözlərinə görə, Gürcüstan parlamentində hakim partiya fraksiyasının lideri qeyd edib ki, ölkəsinin hökumətinin Muxtarlının oğurlanmasında əli yoxdur.

Debat iştirakçıları Gürcüstana səfər etmək üçün maneələr olduğunu qeyd ediblər.

Hüseynov həmçinin bildirib ki, görüşün məqsədi Avropalı deputatlara Azərbaycan hökumətinin əməllərinə dözməyin mənasız olduğunu göstərmək idi. Buna görə Bakı Avropa Şurası qarşısındakı öhdəliklərinə riayət etməkdən imtina etməyə davam etdiyi təqdirdə sanksiyalar mexanizmi işə salınmalıdır.

“Biz deputatların diqqətini Avropa Parlamentinin artıq Azərbaycanda hökumət tənqidçilərinin fundamental azadlıqlarının pozulması ilə bağlı qətnamə qəbul etməsinə çəkdik. AŞPA-nın da Bakıdan öhdəliklərinə riayət etməsini tələb etməsinin vaxtı çatıb. Bu baş verməsə, Azərbaycanın təşkilatdan çıxarılması məsələsinin müzakirəsinə qədər müvafiq mexanizmlər işə salınmalıdır”, deyə Hüseynov qeyd edib.

Onun sözlərinə görə, yaxın günlərdə siyasi məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına və onların azad edilməsinə nail olmaq məqsədilə AŞPA-da ayrı-ayrı deputatlar və siyasi qrupların liderləri ilə görüşlər davam etdiriləcək.

Daha çox göstər
Back to top button