İctimaiyyət

Xədicə İsmayılın şikayəti Avropa Məhkəməsində

Araşdırmaçı jurnalist, AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulmasından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Bu haqda jurnalistin hüquqlarını qoruyan Avropa İnsan Haqlarının Müdafiə Mərkəzinin (ingiliscə – European Human Rights Advocacy Centre (EHRAC)) saytı xəbər verir.

Xəbərdə bildirilir ki, Xədicə İsmayıl həbsdən azad edilsə də hökumət onun ölkədən çıxışına yasaq qoyub. Vəkilləri hesab edir ki, bu yasaq X.İsmayılın jurnalist fəaliyyətini əngəlləməyə, onu cəzalandırmağa xidmət edir.

Avropa İnsan hüquqları Məhkəməsinə göndərilən şikayətdə vurğulanır ki, jurnalistin ölkədən çıxışına yasaq qoyulması onun Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarını pozur. Vəkillər hesab edir ki, X.İsmayılın Konvensiyanın 4-cü protokolunun 2-ci (hərəkət etmək azadlığı), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), 10-cu (ifadə azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrində nəzərdə tutulan hüquqları pozulub.

Məhkəmədən qeyd olunan pozuntuların tanınması və kompensasiya edilməsi istənilir.

EHRAC Böyük Britaniyada yerləşir. Təşkilat Middlesex Universiteti nəzdində fəaliyyət göstərir.

Təşkilat bundan öncə Leyla və Arif Yunusları, hüquq müdafiəçiləri Rəsul Cəfərovu, İntiqam Əliyevi, vəkil Əlayif Həsənovu da Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib.

azadliq.org

Daha çox göstər
Back to top button