İctimaiyyət

Gürcüstan prezidenti Əfqan Muxtarlının xanımını qəbul edib

Iyunun 27-də saat 15:00-da Gürcüstan prezidenti Giorgi Margvelashvili həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımını Leyla Mustafayevanı qəbul edib.

Görüşlə bağlı AzadlıqRadiosu-na danışan Daşqın Ağalarlı Əfqan Muxtarlı işinin bütün detallarının diqqət mərkəzində olduğunu bildirib.

Onun sözlərinə görə, Gürcüstan prezidenti Giorgi Margvelashvili jurnalistin işi ilə bağlı detallarınadək bilgilidir.

Ə.Muxtarlının həyat yoldaşı isə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstanın hüquq mühafizə qurumlarının apardığı araşdırmalarla bağlı narahatlığını şəxsən prezidentə çatdırıb.

O, həmçinin, həyat yoldaşı ilə həbs edildikdən sonra yalnız bu gün, iyunun 27-də telefonla danışa bildiyini söyləyib.

“Bir ay sonra, bu gün prezidentlə görüşdən əvvəl Əfqanla telefonla danışa bildim. O, səhər həbsxanadan telefonla məni aradı. Telefonda “hər şey yaxşı olacaq” söylədi. Ailəmizin durumu ilə maraqlandı”, – deyən L.Mustafayeva həyat yoldaşının sağlıq durumundan narahat olduğunu vurğulayıb.

Gürcüstan prezidenti Əfqan Muxtarlının işini davamlı diqqətdə saxlayacaq.

Giorgi Margvelashvili-nin Əfqan Muxtarlının xanımını qəbul etməsi barədə Gürcüstanın prezident sarayı da məlumat yayıb.

Məlumatda görüşdə həbsdəki jurnalistin işinin müzakirə olunması barədə ümumi bilgi verilir. Vurğulanır ki, Gürcüstan prezidenti Əfqan Muxtarlının işini davamlı olaraq diqqətdə saxlayacaq və bütün məlumatlara açıq olacaq.

Daha çox göstər
Back to top button