İctimaiyyət

Apellyasiya Məhkəməsi jurnalist Əziz Orucovu həbsdə saxlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının rəhbəri və jurnalisti Əziz Orucovun barəsində seçilmiş həbsin ev dustaqlığı və ya girovla əvəz edilməsinə dair apellyasiya şikayəti təmin edilməyib.

Vəkil Cavad Cavadlının yazdığı məlumata görə, şikayət Nəsimi rayon məhkəməsinin 15 iyun 2017-ci il tarixli qərarından verilib.

Vəkilin sözlərinə görə, şikayət yaxın vaxtlarda Avropa məhkəməsinə göndəriləcək.

“Bir daha bildiririk ki, Əziz Orucova elan edilmiş ittihamın nə faktiki, nə də hüquqi tərəfi mövcud deyil, ittiham qondarmadır”, deyə o bildirib.

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib. İyunun 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Orucova qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon Məhkəməsinin qərarına görə, Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir və həbsinin “Kanal 13” internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirib.

“Kanal 13” internet televiziyası 2008-ci il oktyabrın 10-dan yayımlanır.

“Kanal 13” saytı bildirir ki, özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin, digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən

asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.

Daha çox göstər
Back to top button