Ekonomikaİctimaiyyət

Xalqın hesabına xaricilərə 2.4 milyard ödəniləcək

İqtisadçı Nemət Əliyev Facebook səhifəsində büdcəyə edilməsi gözlənilən dəyişikliklərə münasibət bildirib. Onun yazdıqlarını təqdim edirik:

“Oğruların, harınların basıb yediyi pulları xalqa ödətməyə hazırlaşırlar.
Planı gerçəkləşdirmək üçün deputatların əliylə bu ilin dövlət büdcəsində dəyişiklik aparmaqla xarici dövlət borclanmasının limitini 4 milyard manat artırmaq nəzərdə tutulub.
Hazırkı dövlət büdcəsində xarici dövlət borclanmasının yuxarı həddi 500 milyon təsdiq olunub. Dəyişiklik qəbul edilərsə (ehtimal çox yüksəkdir), ilin sonunadək dövlət zəmanəti ilə xaricdən daha 4,5 milyard manat ekvivalentində borc vəsaiti cəlb etmək imkanı yaranacaq.
Xaricdən cəlb edilən bu pullar dövlətin üzərinə ötürülmüş 2,4 milyard dollarlıq borcun ödənilməsinə sərf olunacaq. Bu borc Beynəlxalq Bankın borcudur. Beləliklə, Beynəlxalq Bankın borcunu dövlət, dövlətin borcunu isə xalq ödəməli olacaq.
Borc vəsaiti beynəlxalq maliyyə bazarlarından cəlb olunacaq. Bu məqsədlə avrobondlar emissiya ediləcək. Avrobond pul cəlb etmək məqsədi ilə başqa bir ölkənin valyutasında buraxılan qiymətli kağızdır, adətən avropada buraxılır.
Nəzərə almaq lazımdır ki, Avropa maliyyə bazarlarının iştirakçıları investisiya imici korlanmış bir ölkənin buraxdığı istiqrazlara aşağı faizlə pul yatırmağa elə də həvəsli olmayacaq. Elə bu üzdən də cəlb olunacaq həmin borc vəsaitlərinə görə yüksək faizlər ödəmək lazım gələcək.
SOCAR-ın timsalında yüksək faiz ödəməyin nümunəsi də yaradılıb. Belə ki, SOCAR 2015-ci ildə buraxdığı avrobondlarla Avropanın maliyyə bazarlarından borc vəsaitlərini illik 6,95%-lə cəlb etmişdi. Halbuki Dövlət Neft Fondu elə həmin il əcnəbi ölkələrin maliyyə bazarlarına yerləşdirdiyi milyardlardan vur-tut 1,24% gəlir götürmüşdü.
Əlindəki pulu 1,24%-ə satıb 6,95%-ə almağın, doğrudan da, analoqu yoxuymuş. Ölkənin müflis vəziyyətə gətirilməsində belə analoqsuz ticarətlərin rolu, şübhəsiz, böyükdür. Sual da bundan ibarətdir ki, bu dərəcədə gərəksiz və bacarıqsız siyasətlərin bədəlini niyə xalq ödəməlidir?”

Daha çox göstər
Back to top button