Siyasət

Keçmiş diplomat Arif Məmmədov axtarışa verildi

Bakı şəhər Baş Polis İdarəsi öz saytında keçmiş diplomat Arif Məmmədovun və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş mətbuat katibi Elnur Nağızadənin axtarışı barədə məlumat yerləşdirib.

Məmmədov barəsində məlumatlarda deyilir ki, o, CM 179.3.2-ci (böyük ölçüdə mənimsəmə və ya israf) maddəsində nəzərdə tutulmuş ittihamla axtarışdadır.

Nağızadə CM-in 178.3.2-ci (fırıldaqçılıq, böyük ölçüdə ziyan vurmaqla törədildikdə) maddə ilə ittiham olunur.

Maraqlıdır ki, Azərbaycan Baş Prokurorluğu hələ 2015-ci ildə bildirib ki, Məmmədov barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və İnterpol milli bürosuna Məmmədov barəsində axtarış elan edilməsi haqqında müraciət göndərilib.

Məmmədov 2000-2006-cı illərdə Brüsseldə Azərbaycanın Aİ nümayəndəliyinə, 2007-2012-ci illərdə isə Strasburqda Avropa Şurasının daimi nümayəndəliyinə rəhbərlik edib.

2013-cü ildən o, Aİ nəzdində İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi olub.

Məmmədovun cinayət təqibi 2015-ci ilin mayında Bakının Binəqədi rayonunda 15 nəfərin həyatına son qoymuş yanğına görə məmurları tənqidə məruz qoymasından sonra başlayıb.

Xarici diplomatik mənbələrdən daxil olan məlumata görə, Məmmədov Aİ və AŞ nəzdində nümayəndəsi olarkən insan hüquqları ilə bağlı problemlərin həllinin və liberal siyasi kurs tətbiq edilməsinin tərəfdarı olub.

Məmmədov özü hələlik paytaxt polisinin saytındakı barəsində axtarış elan edilməsi haqqında məlumatla bağlı heç bir şərh verməyib.

Daha çox göstər
Back to top button