Təhlil

”Azərbaycan ”kölgə iqtisadiyyatı”na görə liderdir”

Natiq Cəfərli: ”Azərbaycanda ”kölgə iqtisadiyyatı” ÜDM-nin 67 faizi səviyyəsindədir”

“Dünyada “kölgə iqtisadiyyatı”nın ilk “beşliy”inə 67 faizlə Azərbaycan başçılıq edir”.

Bu barədə Rusiyanın “rbc.ru” saytı yazıb. Dünyada “kölgə iqtisadiyyatı”nın vəziyyəti haqda yazılmış “Rusiya “kölgə iqtisadiyyatı”nın ilk beşliyinə daxil oldu” başlıqlı məqalədə bildirilir ki, “Azərbaycanda “kölgə iqtisadiyyatı”nın payı ÜDM-dəki qədərdi. Bu, o deməkdir ki, gəlirlərin 2/3-si vergidən yayındırılır.

Yazıda deyilir ki, sonrakı yerləri Nigeriya (48 faiz), Ukrayna (46 faiz) və Rusiya (39 faiz) bölüşdürür.

ReAL Hərəkatının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində məqaləyə münasibət bildirib:

“Azərbaycanda  “kölgə iqtisadiyyatı” mövcud sistemi, ölkəni ayaqda saxlayan amilə çevrilib – dəhşətli səslənsə də, reallıq budur.

Azərbaycanda “kölgə iqtisadiyyatı” ÜDM-nin 67%-i səviyyəsindədir, dünyada liderik və qurulan sistemin “oyun qaydaları” məhz bunu tələb edir. Əgər büdcədən ayrılan hər manatın 50 qəpikdən çoxu korrupsiya sxemlərinin qurbanı olursa, təbii ki, “kölgə iqtisadiyyatı” da çiçəklənəcək”.

Amma iqtisadçı hesab edir ki, bu şərait camaatı da dolandırır:

“Sadə bir sxem, məsələn, məmur bir ayda korrupsiya yolu ilə 100 min manat qazanır. Təbii ki, bundan vergi vermir. Həmin məmurun 2 sürücüsü var, hərəsinə 600 manat maaş verir – onlar da vergi ödəmirlər, evində 2 qulluqçu, 1 dayə var – hərəsinə 500 manat verir – onlar da vergi ödəmir. Məmurun məşuqəsi var, ayda ona 5000 min pul verir ki, xərcləsin – bu pul da müqaviləsizdir, müqavilə şərtləri tək bir fəaliyyətdən ibarətdir, pul ödənilir və vergi tutulmur. Məmur dəlləyə gedir, saçını 20-50 manata düzəltdirir – dəllək vergi vermir, bağ evində bağban saxlayır, ona 500 manat maaş verir – bağban da vergi ödəmir. Məmur ailəsini ildə iki dəfə Avropaya dincəlməyə, alış-verişə göndərir – turistik firmaya 10 min ödəyir – firma vergi ödəmir. O, ayda 3-4 dəfə ya özü dostları ilə, ya da ailəsi və ya məşuqasi ilə restorana gedir, ümumilikdə ayda restoranlara 3-4 min xərcləyir, restoranlar da vergi vermir. Sürücüləri ayda maşınlarını 10 dəfə yuduzdurur, 100-500 manat pul xərcləyir – onlar da vergi ödəmirlər. Büdcəni sökən 1 məmur onlarla iş yeri yaradır, pulun mənbəyi büdcədir, vergisi isə ödənilmir, elə həmin korrupsiyalaşmış məmur sistem yaradan fiqurdur – həm sosial gərginliyi azaldır, həm də nəzarətsiz iş yerləri açır. Ölkədə 10 min belə məmur varsa, bu yüzminlərlə qeydiyyatsız iş yeri, milyardlarla vergidən yayınan vəsait deməkdir”.

İqtisadçı düşünür ki, korrupsiyanın idarəetmə forması olan sistem qurulub:

“Sistemin ən böyük problemi odur ki, büdcə “piroqu” daralır, həmin məmur artıq 100 min yox, 50 min oğurlaya bilir, amma ailəsi-məşuqəsi-dəlləyi-bağbanı, hətta saxladığı it də 100 minə öyrəşmişdilər, indi isə iş yerlərini və qazanclarını itirirlər.

“Kölgə iqtisadiyyatı” hələ ki, məmuru da, camaatı da qane edir, amma dövləti daxildən dağıdır, yeyir, zəiflədir, məhvə aparır…”

meydan.tv

Daha çox göstər
Back to top button