İctimaiyyət

Azərbaycanda daha bir jurnalisti həbs ediblər

İyulun 6-da İmişlidə yaşayan ictimai fəal, “Gündəm-xəbər” qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarov 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun məhkəmə zalında həbs olunduğu bildirilir.

Jurnalist Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib. Məhkəmə hakim Ülvi Qənbərovun sədrliyi ilə keçirilib.

Məlumatı hüquq müdafiəçisi Oktay Gülalıyev “Facebook”-da yazıb. Bildirib ki, M.Zülfüqarovun həbsinə səbəb birinci vitse-prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin Cənub Ərazi İdarəsinin direktoru Saleh Səmədov barəsində şikayət məktubları göndərməyi olub:

“Həmin müraciətdə yetərincə ciddi korrupsiya faktlarından söz açılıb. İctimai fəal onu kütləvi informasiya vasitələrində də dərc etdirib. Lakin bunlara heç bir reaksiya verilməyib. Halbuki Azərbaycan prezidenti yerlərdəki neqativ hallar, xüsusilə korrupsiya hüquqpozmaları barədə ona müraciət olunması üçün dəfələrlə vətəndaşlara çağırış edib”.

Oktay Gülaliyevin fikrincə, bu həbs ölkədə yeni presedentlərə yol aça bilər:

“Əyalətlərdə müxaliffikirli insanların həbsi, adətən, “yuxarılar”ın sifarişi və ya razılığıyla gerçəkləşdirilir. Özü də onlar ictimai-siyasi fəaliyyətlərinə, dövlət orqanlarına müraciətlərinə, mətbuatda və sosial şəbəkələrdə yazdıqlarına görə mühakimə olunmur, hansısa cinayət əməlində təqsirləndirilirlər. Amma M.Zülfüqarovun həbsi bu cəhətdən istisnadır. Onu kiçikranqlı bir məmur öz təşəbbüsü və məhz barəsində şikayət etdiyinə görə tutdurub. Bundan sonra adamlar hətta kiçikçinli məmur barəsində tənqidi fikir səsləndirəndə, yaxud şikayət edəndə, həbs olunma təhlükəsini də gözə almalı olacaqlar”.

Məhbub Zülfüqarovun həbsilə bağlı İmişli Rayon İcra Hakimiyyətindən və polis bölməsindən münasibət öyrənmək mümkün olmayıb.

Mənbə – Meydan TV

Daha çox göstər
Back to top button