Qiyas İbrahimov işgəncələrə məruz qalır
2 saylı koloniyada cəza çəkən gənc fəal Qiyas İbrahimov işgəncələrə məruz qalır. Bu barədə onun anası Şura Əmiraslanova bildirib. O, prezident administrasiyasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədir.
Qiyas İbrahimov və Bayram Məmmədov ötən ilin mayında Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqlarına görə həbs olunublar.
Ancaq gəncləri qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək 10 il azadlıqdan məhrum ediblər.
Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı onları “vicdan məhbusları” kimi tanıyıb.
Bu günlərdə Q.İbrahimov 2 saylı koloniyaya köçürülüb və dərhal işgəncələrə məruz qalıb, onun anası bildirib.
“Koloniyanın rəisi və rəis müavini Qiyası döyüblər. Odur ki, mən prezident administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəm”, – ana bildirib.
Qiyas koloniyadan məktub göndərərək həyatının təhlükədə olduğunu bildirib.
Belə ki, koloniyaya köçürüldüyü ilk gün onu “yoxlamaya mane olmaqda”, “suallara səmimi cavab verməməkdə” ittiham edərək 15 sutkalığa “karser”ə salıblar.
Sonra onu koloniya rəisi Şakir Qəniyevə qarşı kobudluq etməkdə günahlandırıblar.