Təhlil

Benzinin bahalaşması Azərbaycanda arzuedilməz radikalların artmasına səbəb ola bilər

Bir il öncə, iyulun 15-də Azərbaycanda gözlənilmədən elektrik enerjisinin qiyməti artdı. O vaxtdan digər ictimai əhəmiyyətli malların qiyməti bir neçə dəfə artıb. Bu dəfə yenə də gecə Tarif Şurası öz gizli qərarı ilə Aİ-92 benzininin qiymətini 20 qəpik artıraraq bir litrə görə 90 qəpiyə çatdırıb. Cümə günü Tarif Şurası dərmanların da qiymətini artırıb.

“Premium” markalı benzin sonuncu dəfə bu il yanvarın 31-də bahalaşıb və 1,15 manata satılır. O zaman qiymətin artırılmasının səbəbini onunla izah etdilər ki, bu markalı benzin Azərbaycanda istehsal olunmur, iş adamları onu Rumıniyadan gətirirlər. Manatın avroya nisbətdə məzənnəsi isə dəyişib və buna uyğun olaraq Avropa benzininin də qiyməti qalxıb. Texniki şərtləri “premium” tələb edən bəzi avtomobil sahibləri Aİ-92 benzinə keçdilər, ya da maşının mühərrikinin korlanması riskinə gedərək bahalı benzini ucuz benzinlə qarışdırdılar. Nəticədə Azərbaycanda Aİ-92 markalı benzindən istifadə artdı.

Bu dəfə Aİ-92 benzinin bahalaşması benzinin keyfiyyətinin Avropa standartlarına çatdırılması cəhdlərilə izah edilir. Qeyd edirlər ki. benzinin qiymətinə SOCAR-ın müraciəti əsasında yenidən baxılıb. Yəni, hökumət etiraf edib ki, əhaliyə keyfiyyətsiz benzin satıb.

Tarif Şurası vətəndaşları “sakitləşdirərək” əlavə edib ki. Aİ-92 markalı benzinin qiymətinin artmasına baxmayaraq, o, yenə də əvvəlki kimi Gürcüstan, ABŞ, Rusiya. Ukrayna və Qazaxıstanda olduğundan ucuzdur.

Amma iqtisadçı Qubad İbadoğlu başqa rəqəmlər göstərir. Indi Azərbaycanda benzin 0,53 ABŞ dolları olduğu halda, Amerika və BƏƏ-də 0,48, Oman – 0,47, Nigeriya – 0,46, Qazaxıstan və Malayziya – 0,44, Bəhreyn – 0,42, Ekvador – 0,39, Misir -0,36, İran – 0,34, Küveyt və Əlcəzairdə – 0,32, Türkmənistan – 0,27, Səudiyyə Ərəbistanı – 0,24, Venesuela – 0,01 dollardır.

Iqtisadçı Əziz Xəlilov hesab edir ki. SOCAR Dövlət Neft Şirkəti Azərbaycanda iri vergiödəyicisi olduğundan bu şirkətin istehsalı olan benzinin bahalaşması dövlət xəzinəsinə vergi daxil olmasının artmasına səbəb olacaq. “Ancaq büdcə bu cür daxilolmadan çox artmayacaq. Hökumətin hərəkətində məntiq görmürəm”, – Ə.Xəlilov yazır.

“Avtomobillərlə daşınan ərzaq və malların qiymətləri mütləq artacaq”, – Q.İbadoğlu hesab edir. Hökumətin hərəkətinin nəticəsində ictimai nəqliyyatda, taksidə gediş haqları artacaq. Benzinin 28.5% bahalaşması inflyasiyaya gətirib çıxaracaq. İlin birinci yarısında bu 13,9% idi”,- Q.Ibadoğlu əlavə edib.

O 2017-ci ilin qarşıdakı aylarında ən azı 15%-lik inflyasiya proqnozlaşdırır.

İqtisadçı Samir Əliyev bahalaşmanın səbəblərinin rəsmi izahatı ilə razı deyil. “İnflyasiya artımından sonra benzinin bahalaşması xalqa ikinci zərbəni vura bilərdi və bu, baş verdi. Bunun yeganə mümkün izahı SOCAR-ın öz gəlirlərini artırmaq istəyidir. Belə ki, şirkətin məhsullarının 70%-i Azərbaycanın yanacaqdoldurma məntəqələrində satılır”,- ekspert qeyd edib.

Jurnalist Natiq Cavadlı Sumqayıtda yaşayır. Əsasən kasıb əhalinin yaşadığı bu şəhərdə demək olar ki, sürücülər Aİ-92 benzinindən istifadə edir. “Adətən Sumqayıt bulvarı insanlarla qaynayır. Dünən şəhər elə bil bomboş idi. Maşınlar yox olmuşdu. Yanacaqdoldurma məntəqələrində sürücülər toplaşaraq son bahalaşmanı müzakirə edirdilər. Xalq qiymət şokundan çıxa bilmir”. – N.Cavadlı bildirib.

Sadə insanlar metropolitenin keçmiş rəisi Tağı Əhmədovun mənimsədiyi 200 milyon dolların ətrafında mülahizələr söyləyir.

“Əgər dövlətin pulu yoxdursa, qoy, Tağı Əhmədovdan pulları alsın, niyə insanları incidirlər”, – azərbaycanlılar sosial şəbəkələrdə yazırlar.

Qeyd edək ki, 10 gün öncə Azərbaycan Dəmir Yolları sərnişin vaqonlarına biletin qiymətini 20% artırıb. Ötən illə müqayisədə bu il Azərbaycanda çörəyin qiyməti 20-30% artıb.

Yeri gəlmişkən, gecə benzinin bahalaşmasından bir neçə saat öncə “Təzə Pir” məscidində həyəcanlı hadisə verib: cümə namazı zamanı iki naməlum şəxs ora daxil olub. Birinin əlində qılınc, o birinin əlində dini bayraq olub. Hücum edənləri vaxtında tutub polisə aparmaq mümkün olub. Bu insident cəmiyyətdə gərginliyin yüksək həddinin göstəricisidir. Radikal vətəndaşlar çoxdur. Tarif Şurasının son qərarından sonra Azərbaycanda ekstremistlərin sayı artacaq. Yaxşı olardı ki, Tağı Əhmədov kimi məmurların boşaltdığı xəzinəni doldurmaq üçün başqa yollar axtarsınlar.

contact.az

Daha çox göstər
Back to top button