Azərbaycanda kənd təsərrüfatı məhsulları ciddi şəkildə bahalaşacaq
Tarif Şurası, benzinin bahalaşmasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcəyini bildirmişdi. İqtisadçı Vahid Məhərrəmlı facebook səhifəsində bu məsələyə öz münasibətini bildirib:
“Tarif Şurası hesab edir ki, benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək. Belə əsaslandırırlar ki, Aİ-92 markalı benzindən kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunmur, çünki texnika dizel yanacağı ilə işləyir. Buna görə də, bu markalı benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının istehsalına və onların qiymətlərinə heç cür təsir etməməlidir. Bunların dediyindən belə çıxır ki, fermer ona lazım olan istehsal vasitələrini öz anbarına və oradan da əkin sahələrinə, daha sonra əldə etdiyi məhsulu qəsəbə, rayon, şəhər bazarlarına KAMAZlarla daşıyır. Təsəvvür edin, kəndli, fermer 5 -6 hektar sahə üçün lazım olan 1 ton taxıl toxumunu QAZEl maşını ilə deyil, KAMAZla daşıyır. Və yaxud “Aqrolizinq”dən əldə etdiyi 300-400 kiloqram gübrəni, 15-20 kiloqram çəkisi olan pestisidi əvvəl anbarına, daha sonra isə əkin sahəsinə Qazellə, minik maşını ilə deyil, dizel yanacağı ilə işləyən KAMAZla daşıyır. Kənddə yaşayan, kənd təsərüfatında çalışan adamlar bunu təsəvvürlərinə gətirə bilərlərmi? Təsərrüfata, fermaya baş çəkmək, əkin, səpin, ağacların budanması, formalaşdırılması, suvarma işlərini, zərərvericilərə qarşı mübarizə tədbirlərini təşkil etmək üçün mütəxəssisləri, bağbanları, adi işçiləri sahəya aparmaq, yetişmiş məhsulu sahədə mühavizə etmək üçün fermerin sahəyə minik maşını ilə deyil, dizel yanacağı ilə işləyən KAMAZla və yaxud da traktorla getməsini təsəvvür edə bilərsinizmi? Əgər fermer bu kimi işlərdə KAMAZlardan istifadə edərsə, onun xərci gəlirindən 2 dəfə çox olar. Bunlar bilmir ki, məhsulun bazarlara daşınmasında da əsasən minik maşınlarından, QAZEL tipli yüngül yük maşınlarından istifadə olunur, bu texnikalar da benzinlə işləyir. Azərbaycan şəraitində 10-20 tonluq maşınlarının yükünü formalaşdırmaq üçün minik və qazel maşınlarından daha çox istifadə olunur. Əkin sahələrindən, istixanalardan, bağlardan yığılan mal benzinlə işləyən maşınlar vasitəsi ilə yük maşınlarına qədər daşınır. Fərdi təsərrüfatlarda istehsal olunan süd də emal müəsisələrinə benzinlə işləyən texnika ilə daşınır. Kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan sahibkarlar, fermerlər istifadə etdiyi maşınlar, avtomobillər əsasən benzinlə işləyir. Topdansatış bazarlarından pərakəndə satış obyektlərinə, mağazalara, marketlərə mal, məhsul əsasən benzinlə işləyən QAZEllə və minik maşınları ilə daşınır. Benzinin 28,5 faiz bahalaşması öz növbəsində kənd təsərrüfatı məxsullarının istehsal xərcini artırır. Ona görə də yaxın zamanlarda kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiymətlərində ciddi bahalaşma gözlənilir”.