Təhlil

”Hökuməti tənqid edən din adamlarını həbslə susdururlar”

Vəkil: ”Xaricdə dini təhsil nə vaxtdan lisenziyalı fəaliyyət olub?”

İyulun 17-də Masallıda namaz qıldığına görə həbs edilən ilahiyyatçı Sərdar Babayevin vəkilləri mətbuat konfransı keçiriblər.

Meydan TV-nin məlumatına görə, konfransda çıxış edən vəkillər Yalçın İmanov, Cavad Cavadov, Nemət Kərimli və Osman Kazımov dövlət orqanlarına müraciət ediblər. Bildiriblər ki, S. Babayev xaricdə dini təhsil alıb və Cinayət Məcəlləsinin 168-1.1.3 maddəsi ilə məhkum olunub. Həmin maddə xaricdə dini təhsil almış şəxsin dini mərasim həyata keçirməsini qadağan edir. Vəkillər ilahiyyatçının həbsini qanunsuz hesab edirlər. Bildirirlər ki, həmin maddə absurddur. Onlar dövlət orqanlarına müraciətlərində qanunsuz olaraq, həbsdə saxlanılan ilahiyyatçının azadlığa buraxılması ilə yanaşı, həm də bu maddənin qanundan çıxarılmasını istəyiblər.

Vəkil Yalçın İmanov deyib ki, həmin maddə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyatdan sonra qanuna əlavə edilib:
“Bu maddənin qanuna əlavə olunması Nardaran hadisələrinin davamı idi. Məqsəd də xüsusən hökuməti tənqid edən din adamlarının susdurulmasıdır. Xaricdə dini təhsil nə vaxtdan lisenziyalı fəaliyyət olub? İstənilən adam xaricdə hüquq, tibb təhsili kimi, dini təhsil də ala bilər. Üstəlik, Azərbaycan Konstitusiyasının 48-ci maddəsində birbaşa yazılıb ki, əgər dini ayin və mərasimlər ictimai qaydanı pozmursa, ictimai əxlaqa zidd deyilsə, sərbəstdir. Biz məhkəmədə aydınlaşdıra bilmədik ki, məsələn, dəfn mərasimində cənazə namazının qılınması dini ayindirmi?”.

Vəkil Sərdar Babayevin məhkəməsinin qanun pozuntuları ilə keçdiyini, vəsatətlərinin təmin olunmadığını da söyləyib.

Vəkil Nemət Kərimli isə deyib ki, bu maddə təhlükəlidir. Əvvəl din adamlarının silah, narkotik kimi ittihamlarla həbs edildiyini deyən vəkilin sözlərinə görə,
indi də bu maddədən din adamlarının təqibi üçün istifadə olunur.

Vəkil Osman Kazımov isə bildirib ki, iş üzrə istintaq və məhkəmədə ciddi qanun pozuntuları qeydə alınıb.
Vəkil Cavad Cavadov isə deyib ki, xaricdə, o cümlədən İranda Azərbaycan dövlət orqanlarının xətti ilə gedib təhsil alanlar var. Sərdar Babayevin təhsil aldığı məktəbdə Qafqaz Müsəlmanları İdarəsinin xüsusi bölməsi olduğunu deyən vəkil qeyd edib ki, maddə absurddur və ləğv edilməlidir.

S. Babayev Masallı rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Daha çox göstər
Back to top button