Siyasət

Apellyasiya Məhkəməsində “Nardaran işi” üzrə prosesdə müttəhimlərin etiraz aksiyası

İyulun 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə Taleh Bağırov və digər 17 nəfərin məhkəmə prosesi keçirilib.

Xatırladaq ki, bu iş üzrə “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırov və digər 16 dindar, həmçinin Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı keçir.

Onlar 2015-ci ilin noyabr-dekabr aylarında Nardaranda həbs olunublar və dövlət quruluşunu zorla dəyişdirməyə cəhd, qanunsuz silah saxlamaq və digər ağır cinayətlər törətmək ittihamları ilə uzun müddətə mühakimə ediliblər.

Hüquq-müdafiə təşkilatlarnının monitorinqınə əsasən birinci məhkəmə instansiyasında bu ittihamlar öz təsdiqini tapmayıb. Müttəhimlər bildiriblər ki, etirafedici ifadələri işgəncə altında veriblər.

Beynəlxalq təşkilatlar ədalətsiz məhkəmə hökmünü pisləyiblər. Fuad Qəhrəmanlı “vicdan məhbusu” kimi tanınıb. Onun, ümumiyyətlə, Nardaran hadisələrinə bağlılığı yoxdur.

Bugünkü proses zamanı vəkil Cavad Cavadov çıxış edib. O, çıxışında Taleh Bağırovun 2015-cı il noyabrın 26-da deyil, 2011-ci ilin mayında həbsdə olunduğunu deyib.

Sonra digər vəkil Fariz Namazlı çıxış edib. O, məhkəmədə çıxış etməyinin bir mənasının olmadığını bildirib. “Biz danışırıq, siz dinləyirsiz. Daha sonra isə müşavirə otağına gedib çay içib, gəlib qərar verirsiz. Bunlara verilən ittihamlardan biri budur ki, guya bu vətəndaşlar dövlət çevrilişi etmək istəyiblər. Bu iş üzrə ümumilikdə 43 nəfər bu ittihamla həbs olunub. 43 nəfər ilə dövlət çevrilişi etmək olar? Heç olmasa 500 000 nəfər tutardılar ki, inandırıcı olsun. Bu şəxslər demokratik ölkədə yaşamaq istəyirlər. Onların yolu haqq, ədalət və vicdan yoludur. Onları həbsə atmaqla fikirləşməyin ki, onları bu yoldan çəkindirəcəksiz. Hökm çıxardıqda bir qədər ədalətli və vicdanlı olun”, – vəkil bildirib.

Təqsirləndirilən şəxslərdən Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Cahad Babakişizadə çıxış ediblər. Onlar prezident İlham Əliyevi tənqid etdikləri üçün hakim onlara iradını bildirib və mahiyyəti üzrə danışmağı tələb edib. Taleh Bağırov deyib ki, “heç bir yerdə görülməyib ki, avtoritar rejim demokratik yolla getsin. Ancaq inqilabla gedir. Bu gün hakimiyyətin qorxduğu inqilabdır. Onlar hətta inqilab sözündən belə qorxurlar”.

Fasilə elan olunub və hakim fasilədən qaytdıqdan sonra təqsirləndirilən şəxslərin sözünü kəsərək dövlət ittihamçısına söz verib. Bu zaman təqsirləndirilən şəxslər etiraz olaraq hakimə ayaqqabı və su atıblar.

Məhkəmə qeyri- müəyyən vaxta təxirə salınıb.

Daha çox göstər
Back to top button