İctimaiyyət

33 bosniyalı Azərbaycandan Avropa Məhkəməsinə şikayət edib

Avropa İnsan hüquqları Məhkəməsi (AİHM) 33 Bosniya və Hersoqovina, 3 Türkiyə, 2 də Gürcüstan vətəndaşının Azərbaycanla bağlı şikayətini araşdırmağa başlayıb.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Azərbaycan dövlətindən şikayətçi olan 33 Bosniya və Herseqovina vətəndaşı isə aldadıldıqlarını iddia edirlər. Onlar şikayətlərində bildirirlər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaq üzrə məşhur binaların inşa edilməsində çalışıblar.

Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçir. Şikayətçi əcnəbilərin bəzilərinin həmin nazirliyə aid olduğu bildirilən Mingəçevir – Kür Olimpiya Mərkəzinin inşasında çalışdığı qeyd edilir.

33 bosniyalı iddia edir ki, onları işə götürərkən, hər saata 5-7 dollar ödəniləcəyi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdiriləcəkləri vəd edilib. Ancaq onlara cəmi 3-4 dollar ödənilib.

Yaşayış durumlarının isə daha dözülməz olduğu bildirilib. Onlar həmçinin, iddia edirlər ki, pasportları əllərindən alınıb, acınacaqlı şəraitdə saxlanıblar. Hamam, tualeti olmayan yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdiriliblər.

Şikayətçilər yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı ictimailəşdirə, məhkəməyə çıxara biliblər. Yalnız hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edildiyi, pasportlarının geri verildiyi və hava limanına aparılaraq ölkələrinə göndərildiyi bildirilir.

Şikayətçiləri AİHM-də yerli, habelə Kanada və Böyük Britaniyadan olan vəkillər təmsil edir.

AİHM bütün şikayətlər üzrə Azərbaycan hökumətinə suallar göndərib.

Hökumətin cavabları, hələlik, bəlli deyil.

Daha çox göstər
Back to top button