İctimaiyyət

Ombudsman gənc fəalın şikayətinin araşdırılmasını istəyir

Ombudsman Elmira Süleymanova həbsdəki gənc fəal Qiyas İbrahimovla rəftarın araşdırılmasından ötrü ədliyyə nazirlinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edib.

Bu haqda Ombudsmanın gənc fəalın vəkili Elçin Sadıqova göndərdiyi məktubda bildirilir. Vəkil məktub alması ilə bağlı AzadlıqRadiosu-na məlumat verib.

Ombudsman Penitensiar Xidmətin rəhbərinə vəkilin xahişi üzrə müraciət edib.

“Ombudsmana müraciətdə bildirilirdi ki, hazırda Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qiyas İbrahimovu müəssisə rəhbəri hədələyib, təhqir edib. O, işgəncəyə məruz qalıb, əsassız olaraq cərimə kamerasına salınıb. Q.İbrahimovun hüquqlarının təmin olunması üçün kömək göstərilməsi istənilib”, – deyə vəkil bildirib.

E.Süleymanova isə öz növbəsində qeyd edir ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri də iyulun 13-də 2 saylı cəzaçəkmə müəssisəsində Q.İbrahimovla görüşüblər.

“Başçəkmə zamanı Q.İbrahimov vəkilin müraciətində qeyd olunanları təsdiqləyib. Tez-tez müxtəlif qanunsuz hərəkətlərlə üzləşdiyini bildirib. Məsələ cəzaçəkmə müəssisəsi rəhbərliyi ilə müzakirə edilib. Hər iki tərəfə tövsiyələr verilib”, – məktubda deyilir.

Ombudsman Penitensiar Xidmətin rəisindən əks olunmuş halların nəzarətə götürülməsini, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatların onlara göndərilməsini istəyib.

Bundan öncə Qiyas İbrahimovun anası Şura Əmiraslanova və vəkili Elçin Sadıqov bir neçə dəfə onun saxlandığı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığını bəyan ediblər. Penitensiar Xidmət isə deyilənləri təkzib edib.

azadliq.org

Daha çox göstər
Back to top button