İctimaiyyət

Jurnalistə hücum edildi, kamerası əlindən alındı

Aytac Əhmədova: “Polis görsə də, müdaxilə etmədi”․

Avqustun 2-də müstəqil jurnalist Aytac Əhmədova çəkiliş edərkən naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə Suraxanı rayonu ərazisindəki “Duzlu Göl” yaxınlığında baş verib.

Bu barədə Meydan TV-yə jurnalist özü danışıb.

Ərazidə yaşayan məcburi köçkünlərə məxsus obyektlərin söküntüsünü çəkən zaman qəflətən bir nəfər jurnalistə yaxınlaşarıb və telefonunu əlindən alaraq qaçıb:

“Ətrafda polis də var idi. Ancaq müdaxilə etmədilər. Köçkünlərin obyektləri sökülürdü. Onlar Novruz Məmmədovun adından istifadə edildiyini, söküntünün qanunsuz olduğunu deyirdilər. Biz də çəkməyə getmişdik. Bu zaman arxadan mülki geyimli şəxs yaxınlaşıb telefonumu əlimdən alaraq qaçdı. Arxasınca qaçıb çağırsam da, telefonumu əlindən ala bilmədim. Uzaqlaşıb maşına mindi. Üzərindən 20 dəqiqə keçəndən sonra Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi telefonu mənə qaytardı. Saat 10:10 radələrində obyekti sökülən adamla icra nümayəndələri arasında dava düşdü. İcra nümayəndələri məcburi köçkünlərə qarşı zor tətbiq edirdi. Bunları çəkəndə yenə həmin adam qəfildən kamera ilə ştativi (üçayaq) əlimdən aldı. Sonra maşına minərək uzaqlaşdı”.

Aytac Əhmədova “azadlıq.info” saytı ilə də əməkdaşlıq edir və hadisə zamanı jurnalist vəsiqəsini göstərib:

“Buna rəğmən çəkilişə imkan vermədilər. Azmış kimi kamera və üçayağı da əlimdən aldılar. Bununla bağlı polisə və digər aidiyyatı qurumlara müraciət edəcəm. Texniki avadanlıqları qaçıran şəxsin avtomobilinin görüntüsü də var. Ümid edirəm polis işi obyektiv araşdırıb, əşyalarımı geri qaytaracaq”.

Daha çox göstər
Back to top button