Siyasət

Vəkil: Əfqan Muxtarlının “Whatsapp” məlumatları ələ keçirilib

“Meydan TV ilə əməkdaşlıqda suçlanan jurnalistlərdən götürülən kompüterlər ekspertizaya gedəcək”

Avqustun 2-də Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı ilə istintaq hərəkəti keçirilib. Məlumatı onun vəkili Elçin Sadıqov verib. Bildirib ki, ilk öncə məhkəmənin kompüter ekspertizası təyin olunması ilə bağlı qərarı elan olunub:

“Qərara əsasən, Meydan TV ilə əməkdaşlıqda suçlanan jurnalistlərdən əldə olunmuş kompüterlər ekspertizaya göndəriləcək. Daha sonra bizi Əfqan Muxtarlının üzərindən götürülən telefonun ekspertizası ilə bağlı verilmiş rəylə tanış etdilər. Ancaq bizə həmin rəyin əlavəsi ilə bağlı məlumat vermədilər. Yalnız rəyin özü ilə tanış ola bildik. Rəydən açıq-aşkar görünürdü ki, Əfqan Muxtarlının telefon məlumatlarını qanunsuz əldə ediblər”.

Elçin Sadıqov deyir ki, Əfqan Muxtarlının “Whatsapp”  məlumatları da ələ keçirilib:

“Həmin məlumatlar bizə tam təqdim olunmadı. Təbii biz bu rəyə etirazımızı bildirdik. Əlavə olaraq açıqlandı ki, Əfqan Muxtarlının bədənində hər hansı bir xəsarət izləri aşkarlanmayıb. Halbuki hadisədən 38 gün keçdikdən sonra Əfqan Muxtarlı ekspertiza müayinəsinə göndərilib. Düşünürük ki, həmin rəyin tərtib olunması Əfqan Muxtarlının bədənindəki xəsarət izlərinin gizlədilməsi məqsədi güdür”.

Vəkil Əfqan Muxtarlının saxlanma şəraitindən də danışıb. Deyir, 2 nəfərlik kameralar ləğv olunduğundan o, Bakı İstintaq Təcridxanasının başqa kamerasına köçürülüb:

“Burada 6 nəfərlə birgə qalır. Səhhətindəki problemlər hələ də qalır. İstintaq bu gün bizimlə yenidən əlaqə saxladı. Bildirdilər ki, sabah bizi ekspertiza rəyinə olan əlavələrlə tanış edəcəklər. Hansı ki, həmin əlavələr bu gün bizə təqdim edilməmişdi”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Bu yaxınlarda isə onunla bağlı qaldırılmış cinayət işinin Meydan TV-nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.

“Meydan TV” ilə bağlı cinayət işinin açılmasına aid xəbərlər 2016-ci ildə yayılıb. Onda hazırda mühacirətdə olan “Meydan TV”nin rəhbəri Emin Milli bu cinayət işi ilə bağlı bunları demişdi:

“Artıq bəlli olub ki, “Meydan TV”nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır”.

Emin Milli ittihamları qəbul etmir.

Daha çox göstər
Back to top button