Ekonomika

İqtisadçı: “Borclar SOCAR-ın iflasına səbəb ola bilər”

“Ümumi gəliri 51.9 milyard manat olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı il ildə 35.3 milyard manat maliyyə öhdəliyi yaranıb. SOCAR üçün öhdəliklərin həcmi çox yüksək görünür”.

İqtisadçi Zöhrab İsmayıl SOCAR-ın 2016-cı ilin yekunları ilə bağlı yeni açıqlanmış hesabatını “AzadlıqRadiosu”na şərh edərkən belə deyib. Hesabat xeyli gec açıqlanıb, həm də yalnız ingilsicədir.

İqtisadçı deyir ki, şirkət bunu bir neçə ay öncə etməli idi. Həm də hesabat ictimaiyyətə Azərbaycan dilində açıqlanmalı idi.
Z.İsmayıl SOCAR-ın 35.3 milyard manatlıq maliyyə öhdəliklərinin olduqca yüksək olduğunu deyib:

“Cari öhdəliklər 18.4 milyard, uzunmüddətli öhdəliklər isə 16.9 milyard manatdır. Cari öhdəliklərin daxilində qısamüddətli borclar və uzunmüddətli borcların cari ödənməli hissəsi 6.7 milyard manat təşkil edir. Uzunmüddətli borclar isə 8.2 milyard manat təşkil edir. Eyni zamanda uzun müddətli öhdəliklərə 1.3 milyard həcmindəki təxirəsalınmış vergi borcları da daxildir”.

İqtisadçı hesabata xitabən deyir ki, SOCAR 2017-ci ildə nə az, nə çox – 6.7 milyard manat borc qaytarmalıdır. 8.2 milyard manat həcmində uzunmüddətli borclar isə 2019-2030-cu illərdə ödənməlidir.

SOCAR niyə borc içindədir, sualına cavabında iqtisadçı bir neçə problemi qeyd edir. Onun fikrincə, əsas problem SOCAR-ın effektiv idarə olunmamasıdır.

“SOCAR korrupsiya risklərindən sığortalanmayıb. Şirkətin əhatəsi çox böyükdür. Burada korporativ idarəetmənin müasir metodlarları tətbiq edilmir”, – deyən iqtisadçı SOCAR-a nəzarət mexanizmlərinin də problemli olduğunu bildirib.

“Şirkətə demək olar ki, heç bir səlahiyyətli dövlət nəzarəti mexanizmi yoxdur. Əslində belə şirkətlər həm hökumətin, həm ali audit instututunun, yəni Hesablama Palatasının nəzarətində olmalıdır. Digər tərəfdən ictimaiyyətin, yəni vətəndaş cəmiyyəti və medianın SOCAR-a nəzarəti də təmin edilməlidir”.

Son illərdə SOCAR-ın əhatə dairəsi genişlənsə də onun dövlət büdcəsinə verdiyi töhvədə əhəmiyyətli dəyişiklik olmadığını deyən Z.İsmayıla görə, şirkəti qondarma, formal Direktorlar Şurası idarə edir. Halbuku bu qurum real fəaliyyət göstərən olmalıdır.

“Həm də SOCAR-ın statusu mütləq dəyişməlidir. Bu şirkət hər il xalis mənfəətini özü bildiyi kimi xərcləyir. Halbuki bu xalis mənfəət dövlətə çatmalıdır. Əks halda, SOCAR-ın dövlət mülkiyyətində qalmasının nə mənası var?”, – ekspert deyir.

SOCAR-ın şişməkdə olan maliyyə öhdəliklərinin doğuracağı fəsadlara gəlincə, Z.İsmayıl şirkətin Beynəlxalq Bankın aqibətini yaşayacağını, iflasa ugrayacağını istisna etmir.

“Borclar SOCAR-ın iflasına, Azərbaycan Beynəlxalq Bankının dururumuna düşməsinə səbəb ola bilər. Həm də biz hələ SOCAR-ın TANAP və TAP layihələrinin icrası ilə bağlı borclanmaqda davam edəcəyini nəzərə almalıyıq”, – iqtisadçı bildirib.

SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azəraycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.

Məqsəd ölkənin neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək olub.

SOCAR-ın kapital həcminə görə dünyanın 60 ən böyük şirkətlərindən olduğu bildirilir.

SOCAR-ın fəaliyyəti əsasən 6 sahəni – neft-qaz yataqlarının kəşfiyyatını, hasilatını, emalını, neft kimyasını, enerjidaşıyıcıların nəqlini və xidmətlərin göstərilməsini əhatə edir.

Daha çox göstər
Back to top button