Ekonomika

Natiq Cəfərli:”Banklar batıb, ölüb, sadəcə özlərinə demirlər”

Bankların əhaliyə verdiyi kreditlərin həcmi azalıb. Məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yayıb. Bildirilir ki, iyulun 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 13 mlrd. 462.1 mln. manat olub. Bu da mayla müqayisədə 916.5 mln. manat və ya 6.37 faiz azdır.

İlin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi də 2 mlrd. 476.2 mln. manat (15.54 faiz) azalıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, ötən il də kreditləşmə dibə vurmuşdu, azalmışdı:

“Bu ilin ilk 7 ayında isə kreditləşmə keçən ildən də 16 faizə yaxın az olub. Bu nə deməkdir? Bütün ölkələrdə iqtisadi aktivlik əsasən 3 yolla və ya bu 3 yolun uğurlu tədbiqinə görə olur. Dövlət investisiyaları, bankların biznesə (daxili investisiyalar üçün) və vətəndaşa (istehlak kreditləri üçün) verdiyi kreditlər və xarici investisiyalar hesabına”.

İqtisadçı bildirir ki, bizdə dövlət investisiyaları azalıb, bu investisiyalar həmişə ciddi korrupsiya mənbəyi olub, həm də siyasi loyallığın satın alınmasına xidmət edib:

“Yəni, heç vaxt effektiv olmayıb, amma iqtisadi aktivliyə öz töhvəsini verib. İndi xərclər azalıb, loyallıq da, dövlət xərcləri hesabına qurulmuş primitiv iqtisadi aktivlik də azalır. Banklar tam batıb, ölüb, sadəcə özlərinə demirlər – nə verdikləri krediti geri yığa, nə yeni kredit xətləri aça bilirlər. Hamısı böyük valyutadəyişmə məntəqəsi kimi primitiv fəaliyyət göstərirlər. Amma neftin baha, hakimiyyətin kefinin kök vaxtı həm biznes kreditləri, əsas da istehlak kreditləri iqtisadi canlanmada, artımda ciddi rol oynayırdı. İndi isə bu sahə də çöküb”.

Natiq Cəfərli deyir ki, xarici investorlar bura dünyanın düz, neftin baha vaxtı gəlmirdilər. İndi isə öz investisiya “xəritələrindən” Azərbaycanı çoxdan “siliblər”:

“Yeganə neft-qaz sektoruna investisiya gəlib, gəlir, gələcək. Çünki orada “oyun qaydalarını” bizim hökumət poza bilməz. Buna ixtiyarı çatmır. Deməli, iqtisadi aktivliyin bu yolu da ölkədə tıxanıb. Hər 3 yolda böyük iqtisadi “tıxac” var. Keçilməsi müşkül “çalalar” var. Amma rəsmi təbliğat hələ də “bizdə hər şey əladı, iqtisadi islahatlar davam edir, sabitlik və sakitlikdir, pampıq əkirik, şərab çəkirik, barama yığırıq, fındıq toplayırıq, bununla da ölkəni inkişaf etdirəcəyik”, – deyir”.

Meydan TV

Daha çox göstər
Back to top button