Təhlil

Vəkil: Məhkəmə işi araşdırmağa maraq göstərmir

Nardaran hadisələrindən sonra həbs edilən ilhahiyyatçının vəkili heç bir vəsatətin təmin olunmadığını deyir

“Məhkəmə verdiyimiz vəsatətlərin heç birini təmin etmir və işə qərəzli yanaşır”.

Bunu Meydan TV-yə açıqlamasında Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Elman Ağayevin vəkili Akif Əliyev deyib.

Akif Əliyevin sözlərinə görə, indiyədək məhkəmə onların heç bir vəsatətini təmin etməyib:

“Biz hesab edirik ki, məhkəmə yazılan ittihamı qüvvəsində saxlayacaq və Elman Ağayevə ən ağır cəzanı verəcək. Görünən odur ki, məhkəmə bu cinayət işini araşdırmağa heç bir maraq göstərmir”.

Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə sonuncu məhkəmə iclası avqustun 7-də keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda vəkil Akif Əliyevin Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, RPŞ-nin sabiq rəisi Möhübbət Hüseynov, Lənkəran RPŞ-nin sabiq rəisinin sabiq müavini Elçin Səfərov , Lənkəran RPŞ-nin əməkdaşı, polis serjantı Hüseyn Hüseynovun, hal şahidlərinin, Taleh Bağırzadənin və digərlərinin əlavə şahid qismində dindirilmələri, məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi barədə verdiyi vəsatətlər müzakirə edilib. Prokuror həmin vəsatətləri əsaslı hesab etməyib. Məhkəmə vəsatətləri təmin etməyib.

İclasda vəkil Akif Əliyev Elman Ağayev həbs edilən zaman ona dövlət tərəfindən təyin edilən vəkil Rəhim Qurbanovun məhkəməyə şahid qismində dəvət edilməsi, onun imzaları ilə bağlı məhkəmə xətşünaslıq ekspertizasının təyin olunması, Rəhim Qurbanovun 29 noyabr 2015-ci il tarixdə Lənkəranda olub olmamasını müəyyən etmək üçün onun istifadəsində olmuş və bu gün də istifadə etdiyi nömrəyə dair mobil operatordan anten məlumatlara dair sorğunun verilməsi və digər məsələlər barədə vəsatətlər verib. Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə iclası avqustun 14-də keçiriləcək.

2015-ci il noyabrın 26-da Nardaranda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Taleh Bağırzadə və bir sıra şəxslər həbs edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb.

Rəsmi məlumatlarda onların dövlət çevrilişinə hazırlaşmaları, silah-sursat əldə etmələri qeyd edilir.

Təqsirləndirilən şəxslər isə işgəncəyə məruz qaldıqlarını, ittihamların saxta olduqlarını deyirlər. Taleh Bağırzadə indiyə kimi bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə həbsinin buna görə baş verdiyini bildirir. O, məhkəmə hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib və hazırda Qobustanda yerləşən həbsxanada cəza çəkir. Onun həbsxanada işgəncəyə məruz qaldığı bildirilir.

Daha çox göstər
Back to top button