İctimaiyyət

Azərbaycan hakimiyyəti müxaliflər qatilidir. Bakıda jurnalist Rasim Əliyevin xatirəsini yad ediblər

Jurnalist Rasim Əliyevin ölümünündən iki il ötür. Avqustun 9-da onu həmkarları, ailəsi, vətəndaş cəmiyyəti fəalları məzarı başında yad ediblər. Rasim Əliyev 2015-ci il avqustun 8-də “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldükdən bir gün sonra 1 saylı Şəhər Klinik Xəstəxanasında həyatını itirib.

Jurnalistin müdafiəçiləri məhkəmənin qərarları ilə razılaşmırlar. Onlar hesab edir ki, jurnalistin ölümünə görə, vəfat etdiyi xəstəxananın həkimləri də məsuliyyətə cəlb edilməli idi. Üstəlik, onlar düşünürlər ki, futbolçu Cavid Hüseynovun bu məsələdə məsuliyyəti yalnız cinayəti bilib gizlətməkdən ibarət deyildi.

İsa Qəmbər“Elmar Hüseynovun, Rafiq Tağının qətlində olduğu kimi, Rasim Əliyevin ölümündə də hakimiyyəti günahlandırıram. Bu, hakimiyyətdən fərqli danışa bilən insanların qətlidir. Biz qətlə yetirilmiş jurnalistlərin müqəddəs məzarları başına toplaşaraq hər dəfə hakimiyyətə bu qətllərə görə məsuliyyət daşıdıqlarını xatırlatmaqla həm də deyirik ki, heç nəyə nail ola bilməzsiniz”.

O, cəsarətli jurnalistləri qətlə yetirməklə həqiqəti gizlətməyin heç cür mümkün olmadığını vurğulayıb. Hakimiyyət rəsmiləri isə jurnalistlərin qətli, onların üzləşdiyi həbs və zorakılıqlara görə, tənqidləri qəbul etmirlər. Prezident İlham Əliyev 2005-ci ildə jurnalist Elmar Hüseynov qətlə yetiriləndə qatillərin tezliklə tapılacağını vəd edərək, bu cinayətin üstünün açılmasında hamıdan çox maraqlı olduğunu bəyan etmişdi. Üstəlik, hakimiyyət rəsmiləri bəyan edirlər ki, həbs edilən jurnalistlər peşə fəaliyyətinə görə, yox törətdikləri əməllərlə bağlı məsuliyyətə alınıblar. Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə qəzetlərə maddi yardım və bir çox jurnalistlərə pulsuz ev verilməsi də dövlətin jurnalistikaya qayğısı kimi təqdim edilir. Hərçənd bəzi həmkarları Azərbaycan kimi ölkələrdə jurnalistlərin dövlətdən pulsuz ev almaqla müstəqilliyini itirdiyini düşünürlər.

Daha çox göstər
Back to top button