İctimaiyyət

”QHT qanunvericiliyi standartlarla uzlaşmır”

Hesabat: “Fərqliliklər məhdudiyyətlərin çoxluğu ilə əlaqəlidir”

“2014-cü ildən Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsi tərəfindən aparılan cinayət işləri əsasında 10 xarici QHT vergi cərimələrinə, hesablarına həbs qoyulması hallarına məruz qalıb”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) yeni açıqladığı araşdırma sənədində belə deyilir.

Sənəd “Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə hüquqi məhdudiyyətlər” adlanır.

Sənəddə deyilir ki, sanksiyalara məruz qalan yerli QHT-lərin sayı 17-dir. Vergi sanksiyalarının ümumi məbləği 3 milyon manatdan artıqdır.

Ölkəyə giriş-çıxışına qadağa qoyulanlar

Sənəddə Azərbaycanda QHT-lərin fəaliyyətinə məhdudiyyətlər Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin (Azərbaycan, Gürcüstan və Ermənistan, Ukrayna və eləcə də Belarus) təcrübəsinin işığında analiz edilib. Analiz Azərbaycan qanunvericiliyinin bu sahədəki çatışmazlıqlarını və məhdudiyyətləri müəyyən etmək məqsədi daşıyıb.

SMDT QHT-lərə açılmış cinayət işi ucbatından 10 yerli QHT-nin rəhbərliyinə, o cümlədən 26 vətəndaş cəmiyyəti fəalı və jurnalistə ölkəyə giriş-çıxış yasağının qoyulduğunu qeyd edir.

Sənəddə Azərbaycan qanunvericiliyinin Avropa Şurası və ATƏT-in tövsiyələri ilə uzlaşmadığı, müqayisə olunan ölkələrin təcrübəsi ilə müqayisədə fərqli olduğu ifadə edilir. Fərqliliklər məhdudiyyətlərin çoxluğu ilə əlaqəlidir.

“Azərbaycanda QHT-lərin dövlət qeydiyyatı üçün müəyyən edilmiş müddətlər çox uzundur, ümumavropa standartları baxımından ağlabatan deyil. Müddətin uzun olması Avropa Şurası Venesiya Komisisyasının tövsiyyə etdiyi – “Dövlət qeydiyyatına alınma və ya imtina edilməsi üçün ağlabatan müddət müəyyən edilməlidir” prinsipi ilə zidiyyət təşkil edir. Bundan başqa Azərbaycanda QHT-lərin dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları qeyri-müəyyən və təkrarçı əsaslar nəzərdə tutur”, sənəddə deyilir.

Qanunvericilikdəki tövsiyələr

SMDT Azərbaycanda QHT-lərin maliyyələşməsinin, xüsusilə xaricdən maliyyələşməsinin ciddi problemlərinin olduğunu vurğulayır.

“Azərbaycanda QHT-lərin xarici donorlardan maliyyələşməsi üçün ikipilləli qeydiyyat tələb edilir. Bu mərhələlərdə nəzərdə tutulan anlayışlar mücərrəddir və hakimiyyət orqanlarına çox geniş səlahiyyətlər verir. QHT-lərə qarşı tətbiq edilən sanksiyaların dairəsi əksər Şərq Tərəfdaşlığı ölkələrindən daha genişdir. Bundan əlavə, QHT-nin fəaliyyətinin məcburi dayandırılması yaxud ləğvinə dair əsaslar qeyri-müəyyəndir”.

Sənəddə müvafiq yerli qanunvericiliyin Avropa Konvensiyasının 11-ci maddəsi, Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələri və Venesiya Komissiyasının rəyi ilə ziddiyət təşkil etdiyi vurğulanır.

Hökumətə yönəlik tövsiyələr

Sənəddə QHT qanunvericiliyinin yaxşılaşdırılması üçün hökumətə yönəlik 9 tövsiyə yer alıb. Həmin tövsiyələr əsasən, QHT-lərin dövlət qeydiyyatı və ləğv edilməsi məsələləri, onların maliyyələşməsi qaydaları, QHT-lərə qarşı sanksiyalarla bağlıdır.

Daha çox göstər
Back to top button