İctimaiyyət

“Turan” agentliyində axtarış aparılır

Hazırda “Turan” İnformasiya Agentliyinin ofisində yoxlama aparılır.  Məlumatı agentliyin direktoru Mehman Əliyev Meydan TV-yə verib. O, yoxlamanın Nəsimi Rayon Məhkəməsinin qərarıyla aparıldığını söyləyib:

“Biz nazirə, 1 saylı Bakı İqtisad Məhkəməsinə şikayət göndərmişik. Bütün bunlara məhəl qoymadan belə addım atılması qanunsuzdur”.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaq başlanıb.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Vergi yoxlaması qərarı Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.

Jurnalistlər «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevdən yoxlamalardan nə gözlədiyini soruşublar.

Mehman Əliyev isə belə cavab verib: “Onu bu yoxlamaya sifariş verənlərdən soruşun. Əslində sənədlərə baxanda, sənədlərdə hər hansı problem yoxdur. İndi nə nəticə olacaq, qərar necə veriləcək, bu bizdən asılı deyil. Ancaq qəti deyə bilərəm ki, vergidən yayınma ilə bağlı iddia təsdiqini tapmayacaq. Yəni deyirlər ki, 37 min manat vergidən yayındırılıb, bu, təsdiqin tapmayacaq…”.

Daha çox göstər
Back to top button