Siyasət

Əfqan Muxtarlının həbs müddəti iki ay uzadılıb

Nəsimi rayon məhkəməsinin bugünki qərarı ilə jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri iki ay – oktyabrın sonuna qədər uzadılıb. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.

Muxtarlının sözlərinə görə, mayın 29-da o, Tbilisidə oğurlanıb və Azərbaycana göndərilib, burada onu “sərhədi qanunsuz keçmə” (318.1), qaçaqmalçılıq (206.1) və “hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə” (315.2) ittihamı ilə həbs ediblər.

Bugünki prosesdə Muxtarlı bir daha bildirib ki, Azərbaycan hakimiyyətinin yüksək təbəqələrində korrupsiya ilə bağlı jurnalist araşdırmaları apardığına görə siyasi motivlərlə həbs edilib. Bu nəşrlər Meydan.tv-də dərc olunub.

“Azərbaycan hakimiyyəti saytın Almaniyada yaşayan rəhbəri Emin Millini həbs edə bilmir, buna görə Tbilisidə məni oğurladı”, deyə jurnalist bildirib.

Vəkilinin sözlərinə görə, bir ay əvvəl Gürcüstan Baş Prokurorluğu Muxtarlını yenidən dindirmək xahişi ilə Azərbaycan tərəfinə müraciət edib. Amma Azərbaycan tərəfi bu müraciətə cavab verməyib.

Daha çox göstər
Back to top button