Siyasət

‘Bircə ‘Turan’ qalmışdı…’ – agentliyə vergi reydinə reaksiyalar

Avqustun 16-da vergi əməkdaşlarının “Turan” İnformasiya Agentliyinin ofisində axtarış aparması və sənədləri müsadirə etməsi sosial şəbəkələrdə, təhlilçilər arasında daha çox müstəqil mediaya “basqı”, “sonuncu müstəqil informasiya mənbəyinin susdurulması” kimi dəyərləndirilir.

“Bu o deməkdir ki, artıq Azərbaycanda heç kim və heç nə qalmadı”

“Bu, mediaya basqıdır. Və bu o deməkdir ki, artıq Azərbaycanda heç kim və heç nə qalmadı”, – “Ayna-Zerkalo” qəzetlərinin redaktoru Elçin Şıxlı durumu belə qiymətləndirir.

“AzadlıqRadiosu-nun vəziyyəti, “Azadlıq” qəzetinin vəziyyəti , “Ayna-Zerkalo”nun bağlanması və digərlərinin sındırılması, əyilməsi… Bircə “Turan” qalmışdı. Fikirləşirdilər ki, “Turan” da zəifdir, o biriləri kimi maliyyə imkanı yoxdur. Amma “Turan”da kontent var. Ən müasir texnologiyalar olsun, kontent yoxdursa, mənası itir… “Turan”da isə kontent vardı, o, sözünü deyirdi. İndi də meydanda tək qalıb”, – redaktor deyir.

Elçin Şıxlı “Turan”ın ölkənin müstəqillik qazandığı ilk günlərdən fəaliyyət göstərdiyini yada salır. O bu İA-nın ofisində axtarış aparılmasını indiki “medianın vəziyyətinin göstəricisi” sayır: “Bu mərhələdən mən və “Ayna-Zerkalo” qəzeti 3 il əvvəl keçmişik. Eyni şey təkrarlanır. O vaxt heç kim bizə qahmar çıxmadı, heç kim dirəşmədi, sözünü demədi. Nəticəsi də budur”.

Azadlıq Radiosu

Daha çox göstər
Back to top button