Hazırda həmsədrlər ER və Azərbaycan prezidentlərinin növbəti görüşünün təşkili üzərində işləyirlər: Zaxarova
ATƏT-in Minsk Qrupu həmsədrlər Qarabağ münaqişəsinin nizamlanması məqsədilə hazırda prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla bağlı həmsədrlər sentyabrda bəyanat verəcəklər.
“Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib”. O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb: “Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib. Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik. Məhz bu yanaşma Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib”.
Zaxarova qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər: “Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir”.