İctimaiyyət

Jurnalistin vəkili hakimdən şikayətçidir

“Şəki Agır Cinayətlər Məhkəməsində həbsdəki jurnalist Elçin İsmayillinın cinayət işi üzrə hazırlıq iclası gizli, vəkillərdən xəbərsiz keçirilib”.

Bu haqda Turana jurnalistin vəkili Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, hazırlıq iclası yalnız vəkillər razılıq verdiyi halda onların iştirakı olmadan keçşirilə bilər.

“Mənə avqustun 15-i səhər tezdən Şəki Ağır Cinayətlər Məhkəməsindən zəng edib bildirmişdilər ki, həmin gün saat 16:00-da hazırlıq iclası təyin olunub. Halbuki, qanunvericilik tələb edir ki, vəkil azı, 7 gün əvvəl xəbərdar edilməlidir. Ona görə də dərhal məhkəməyə teleqram vurub iclasın təxirə salınmasını xahiş etmişdim”, deyən vəkil avqustun 18-də E.İsmayıllı ilə görüşmək üçün Şəki Ağır Cinayətlər Məhkəməsində olub, onun jurnalistlə görüşməsinə imkan verilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsində məlum olub ki, hazırlıq iclası onun iştirakı olmadan artıq keçirilib.

“Bu, qanunsuzdur. Qanunsuzluq etdiyini hakim Rəşid Hüseynov də başa düşür. Ona görə də avqustun 18-də məndən tələb etdi ki, vəkil orderinin tarixini dəyişim. Hüquq xidməti müqaviləsi avqustun 1-də imzalanıb, order də həmin tarixədir. Hakim orderin tarixini dəyişdirməklə öz qanunsuzluğunu ört-basdır etmək istəyir”.

Elçin Sadıqov hesab edir ki, iclasın təxirə salınması barədə müraciətinə rəğmən hakimin onun iştirakı olmadan hazırlıq iclasını keçirməsi, müvəkkili ilə görüşünə imkan verməməsi onun hüquqlarını pozub. Bu üzdən vəkil Məhkəmə Hüququ Şurasına müraciət edərək hakimin hərəkətlərinin araşdırılmasını istəyir.

Vəkil həmçinin Baş Prokurorluğa müraciət etmək niyyətindədir.

“Vəkil orderi sənəddir, onu saxtlaşdırmaq, nömrəsini, tarixini dəyişdirmək olmaz. Ancaq hakim məndən belə bir qanunsuz tələbdə bulundu. Bununla bağlı da ayrılıqda Baş Prokurorluğa müraciət edəcəyəm”, vəkil deyib.

Qeyd edək ki, E.İsmayıllının məhkəməsi avqustun 24-də davam etdirilməlidir.

Vəkilin dediklərinə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovdan münasibət almaq mümkün olmayıb.

İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı bu il fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs-qətimkan tədbiri seçib. Sonra həbs müddəti artırılıb.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra, vəkilinin deməsinə görə, ittiham ağırlaşdırılıb:

“İstintaqın yekununda ona Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllıya 182-ci (Hədə qorxu ilə tələb etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürüblər. Bu ittihamlara görə, ona 8-12 il həbs cəzası verilə bilər”.

Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı iddiası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

“Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər”, – vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Daha çox göstər
Back to top button