Təhlil

”Gözəl Bayramlının səhhətindəki problemlər qalır”

Vəkil: “Fuad Əhmədli bu günlərdə cəzaçəkmə müəssisəsinə köçürüləcək”

Avqustun 22-də vəkil Əsabəli Mustafayev Bakı İstintaq Təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı və AXCP Gənclər Təşkilatının üzvü Fuad Əhmədli ilə görüşüb.

Bu barədə Əsabəli Mustafayev məlumat verib. O, Gözəl Bayramlının səhhətindəki problemlərin hələ də qaldığını deyib:

“Çünki heç bir müalicə aparılmır. Vəkillərin əvvəllər yaydığı məlumatlara baxmayaraq, bu məsələnin həllində irəliləyiş yoxdur. Həm Gözəl xanımın, həm də Fuad Əhmədlinin dostlara salamı var”.

Vəkil bildirib ki, bu, təcridxanada Fuad Əhmədli ilə son görüşüdür:

“Artıq bölgü aparılır. Yaxın 1-2 gündə o, cəzaçəkmə müəssəsinə köçürüləcək. Onu hansı müəssisəyə köçürəcəkləri yəqin ki, bu gün bilinər”.

AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan mayın 25-də qayıdarkən saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə G. Bayramlı 3 ay müddətinə həbs edilib.

Gözəl Bayramlı saxlanmasını siyasi sifariş hesab edir və ittihamı qəbul etmir.

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin, iddia olunur ki, Fuad Əhmədlinin həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülenlə bağlı materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona 4 il həbs cəzası verilib. F.Əhmədli ittihamı rədd edir.

Meydan TV

Daha çox göstər
Back to top button