İctimaiyyət

Mehman Əliyevin həbsi ilə bağlı Milli Şuranın bəyanatı

Bu gün saxta ittihamla Milli Şuranın Koordinasia Mərkəzinin üzvü, “Turan” İnformasiya agentliyinin direktoru, ölkənin tanınmış ziyalısı Mehman Əliyev həbs edilib. Bu həbs ölkənin müstəqil fəaliyyət göstərən ən uzun ömürlü agentliyinə, dünya informasiya məkanın böyük etibar qazanmış bir media qurumuna, azad sözə və fəaliyyətə qarşı yönəlmiş repressiya siyasətidir. “Turan” agentliyi öz doğru, dürüst, operativ fəaliyyəti ilə milli informasiya siyasətini formalaşdıran bir media orqanıdır. “Turan” agentliyi yalnız Azərbaycan dilində deyil, ingilis və rus dillərində də məlumatlar və təhlillər yaydığı üçün ölkə haqqında ən obyektiv, ən etibarlı informasiya mənbəyi funksiyasını yerinə yetirir və bütün dünya media qurumları onunla hesablaşır.

“Turan”ı vergi yoxlaması adı ilə susdururlar və Mehman Əliyev də vergidən yayınma və səlahiyyət həddini aşma ittihamı ilə saxlanılıb. Təəssüflər olsun 2014-cü ildən başlayaraq cəmiyyətin və azad medianın susdurulmasında vergi orqanlarından bir vasitə kimi istifadə edilir və bu orqan iqtisadi qurumdan daha çox güc strukturu kimi fəaliyyət göstərir. Mehman Əliyev bu ölkənin ölkənin ən təmiz və namuslu vətəndaşından biridir. O, hakimiyyətin mediaya yardımları bazarından uzaqda dayanmış, ev bölgüsündə iştirak etməmiş, rəhbərlik etdiyi agentliyi və özünü hər hansı formada hakimiyyətdən asılı vəziyyətə salmamaışdır. Hələ həbsindən əvvəl o, hakimiyyət orqanlarından aldığı “ya bizimlə işləməlisiniz ya da “Turan”ı sıradan çıxaracağıq” mesajı açıqca cəmiyyətə çatdırmışdı.

Mehman Əliyev yüksək peşəkarlığı və vətəndaşlıq mövqeyi olan bir mətbuat işçisidir. O, siyasi məhbusların müdafiəsi, vətəndaş cəmiyyətinin məhv edilməsi, qanunsuz həbslərə qarşı öz səsini ucaldan və rəhbərlik etdiyi media qurumunda daim bu xətti aparan peşəkar bir jurnalistdir. Milli Şura bəyan edir ki, Mehman Əliyevin həbsi hakimiyyətin repressiya, azad fikri boğmaq, azad sözü çökdürmək siyasətinin daha ağır mərhələyə daxil olmasının aydın göstəricisidir və bu həbs müasir Azərbaycan tarixinin ən ləkəli bir hadisəsi kimi yadda qalacaqdır. Mehman Əliyev heç bir əsas olmadan saxta ittihamla həbs edilib və onun kimi peşəkar, mədəni, səviyyəli, vicdanlı, dürüst, barışçı bir insanı həbsi bütövlükdə Azərbaycan cəmiyyətinə ağır bir zərbədir. Milli Şura hakimiyyəti bu qanunsuz əməldən çəkinməyə çağırır.

Daha çox göstər
Back to top button