İctimaiyyət

Sәrt repressiya İlham Әliyevi iflasdan qurtara bilmәyәcәk

Cəmil Həsənli

Tarixin heç bir məqamında bu qədər nadan, oğru, milli qayədən uzaq, pul və sərvət düşkünü olan bir güruhun hamısı eyni vaxtda, eyni hakimiyyətdə təmsil olunmayıb.

Mehman Əliyev həbs edildi. Onun həbsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Hamı bu həbsdə müəmma, onun səbəbini axtarır. Ən böyük müəmma, ən böyük səbəb isə elə Mehman olmaqdır.

Mehmanı həbs edən hakimiyyətin görəvdə qalmaq şansı yoxdur və elə onun özünün dediyi kimi doğrudan da proses gedir və gedən prosesin içində bu antimilli hakimiyyətin getməsi də labüddür. Çünki tarixin heç bir məqamında bu qədər nadan, bu qədər savadsız, bu qədər indtellektsiz, bu qədər oğru, milli qayədən bu qədər uzaq, pul və sərvət düşkünü olan bir güruhun hamısının eyni vaxtda, eyni hakimiyyətdə təmsil olunduğu bir dövr olmayıb.

Qəribə də olsa ən çox korrupsiyalaşmış, ruşvəti ruhuna hopdurmuş vergi nazirliyi son dörd ildə ölkədə pambıqla baş kəsməyin başlıca silahına çevrilib. Artıq 4-cü ildir İlham Əliyev bu silahla və əlavə yardımçı vasitələrlə Azərbaycan cəmiyyətin şumlayır, vətəndaş institutların məhv edir, mətbuatı susdurur, azad fikri boğur, bir heybə narkotika ilə gəncləri təqib edir. İndi də vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamı ilə Mehman Əliyev həbs edildi.

Öz xalqına divan tutmaqda neft səltənəti üzərində ucalan Pəhləvi rejimindən daha qəddar, daha zülmkar, daha müstəbid olan İlham Əliyevi də bu tale gözləyir. Nə onun yaratdığı siyasi məhbus düşərgəsi, nə susmuş vicdanların vicdan məhbusları, nə Mehman Əliyevin qollarına vurulan qandal, nə də bizlərin başı üzərində kabus kimi dolanan ölüm və həbs təhlükəsi onu bu iflasdan xilas edə bilməz. Mehman bəy demiş proses gedir və onu durdurmağa heç kəs qadir deyil.

Daha çox göstər
Back to top button