Təhlil

RSF Əfqan Muxtarlıya azadlıq istəyir

Avqustun 29-da “Sərhədsiz Reportyorlar” (Reporters Without Borders) təşkilatı araşdırmaçı-jurnalist Əfqan Muxtarlını dərhal azadlığa buraxmağa çağırıb.

Jurnalist 3 ay öncə Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini deyir. Haqqında həbs-qətimkan tədbiri çıxarılıb.

“Sərhədsiz Reportyorlar” Bakının “Əfqan Muxtarlı kimi azad jurnalistləri təqib etməsini” pisləyib.

Bildirir ki, şəkər xəstəsi və yüksək qan təzyiqi olmasına baxmayaraq, Ə. Muxtarlının səhhəti yaxşıdır. Ancaq vəkilləri və həyat yoldaşı onun oğurlanandan bəri 21 kilo arıqladığını, bəzi hallarda ailə üzvləriylə görüşünə, tibbi xidmətə çıxışına icazə verilmədiyini bildirirlər.

Jurnalist barədə həbs-qətimkan tədbirinin müddəti oktyabrın 21-dək uzadılıb.

“Əfqan Muxtarlının həbsi həm Azərbaycan, həm də Gürcüstan üçün biabırçılıqdır. Bunun necə başladığını heç kəs izah edə bilmir. Üstəlik, elementar humanitar prinsiplərin əksinə olaraq, həbs müddəti də uzadılır”, – qurumun Şərqi Avropa və Orta Asiya bölməsinin rəhbəri Yohan Bihr deyib.

“Azərbaycan hakimiyyətini jurnalisti dərhal azad etməyə və ona qarşı qondarma ittihamları ləğv etməyə çağırırıq. Gürcüstan hakimiyyəti də onun necə oğurlanması məsələsinə işıq salmalıdır”, – Bihr deyib.

Meydan TV üçün işləyən Ə. Muxtarlı hökumət səviyyəsində korrupsiyadan yazırdı.

O, mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Əfqan Muxtarlının işi Meydan TV-yə qarşı açılmış cinayət işinə birləşdirilib.

Daha çox göstər
Back to top button