İctimaiyyət

Amnesty International Mehman Əliyevi müdafiə kampaniyasına başlayıb

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı müstəqil Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyib.

Bəyanatda deyilir ki, M.Əliyev avqustun 24-də tənqidi yazılarına cavab olaraq vergidən yayınma və digər cinayətlərdə ittiham olunaraq özbaşına saxlanmaya məruz qalıb. Ona qarşı da son illər Azərbaycanda hökuməti tənqid edənləri susdurmaq üçün istifadə edilən ittihamlardan istifadə olunub.

Avqustun 24-də M.Əliyev bu ay Turan agentliyinə qarşı başlamış cinayət işi çərçivəsində şahid qismində Vergilər Nazirliyində dindirməyə çağırılıb.

M.Əliyev öz vəkili ilə nazirliyə gedib. Ancaq bildiriblər ki, onun statusu “şahiddən şübhəli şəxs” statusuna dəyişdirilib. Vəkilin dindirmədə iştirakına icazə verməyərək bildiriblər ki, o, xüsusi icazə almalıdır.

M.Əliyev vəkilsiz dindirildikdən sonra saxlanılıb. Avqustun 25-də məhkəmə M.Əliyevi vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamı ilə həbs edib.

İttihamlar M.Əliyevin qrantları qeydiyyata almaması və müvafiq vergiləri ödəməməsi ilə bağlıdır. Əsasən vergi orqanları bildirirlər ki, M.Əliyev 2010-cu ildən 2014-cü ilədək alınan qrantlardan 148,310 AZN (87,260 ABŞ dolları) qanunsuz gəlir əldə edib və 2010- 2016-cı illərdə 60 080 (35 350 ABŞ dolları) həcmində vergini ödəməyib.

M.Əliyev bütün ittihamları rədd edərək bildirib ki, onun agentliyi bütün vergini vaxtında ödəyib və vergi orqanlarının bu yaxınlardakı yoxlaması bundan öncə vergi ödənməməsi ilə bağlı irəli sürülən iddiaların doğru olmadığını göstərib.

O, bu məsələni baxılmaq üçün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə verib və araşdırma zamanı yol verilən pozuntuları göstərib.

Turan İnformasiya Agentliyi demək olar ki, Azərbaycanda mövcud olan son müstəqil media-qurumdur. 1990-cı ildən Turan siyasi, iqtisadi və sosial sahələrdə mühüm mövzuları Azərbaycan, ingilis və rus dillərində işıqlandırıb. Cinayət işi informasiya agentliyinin tənqidi məlumatlarına cavab olaraq ona təzyiq göstərməkdir.

Amnesty International hökuməti tənqid edənlərin qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamların özbaşına tətbiqi yolu ilə həbs edildiyi barədə ətraflı yazıb.

Baxmayaraq ki, qrantların qeydiyyatı ilə bağlı tələblər Azərbaycanda ancaq 2014-cü ilin fevralından qanunverici düzəlişlər qüvvəyə mindikdən sonra məcburi olsa da hakimiyyət tənqidçilərin təqib olunması üçün bu tələbləri irəli sürməkdə davam edir.

Amnesty International prezident İlham Əliyevə elektron məktub göndərərək Mehman Əliyevin azadlığa buraxılmasına çağırıb.

Müraciətdə qeyd olunur ki, M.Əliyevə qarşı ittihamlar siyasi motivlidir və onun özbaşına saxlanması və həbsi zamanı ədalətli məhkəmə standartları ciddi şəkildə pozulub.

Həmçinin Azərbaycanda ifadə azadlığı hüququna hörmət edilməsinə, hüquq müdafiəçilərinin və jurnalistlərin öz qanuni fəaliyyətini təqib və repressiya qorxusu olmadan həyata keçirmək imkanlarının təmin olunmasına çağırılır.

Daha çox göstər
Back to top button