Beynəlxalq

Mehman Əliyevin vəkili Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi tamamilə qanunsuzdur, bu barədə vəkil Fariz Namazlı jurnalistin həbsi ilə bağlı apellyasiya şikayətinin təmin edilməməsini şərh edərkən bildirib. Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmədə ittihamın saxta olduğunu sübut edib. Namazlı qeyd edib ki, işdə hətta Əliyevin həbs edilməsi üçün əsaslı şübhələr belə yoxdur. Namazlı Əliyevə qarşı irəli sürülmüş ittihamların iqtisadi xarakterli olduğuna diqqət çəkib. Vəkil deyib ki, təcrübəsi boyunca hələ bu maddələr üzrə təqsirləndirilən şəxslərin istintaq müddətinə həbs edildiyi hallarla qarşılaşmayıb.

Turan-ın direktorunun bu maddələrlə həbsi də cinayət işinin siyasi və sifarişli xarakter daşıdığını təsdiq edir. Digər tərəfdən, Namazlının sözlərinə görə, Əliyevin həbsdə saxlanması üçün bir nöqteyi-nəzərdən də əsas yoxdur ki, onun daimi yaşayış yeri var, iş ünvanı məlumdur. Bundan başqa, Əliyev dəfələrlə şahid qismində dindirilib və həmişə ilk çağırışda istintaqa gəlib. İstintaq Əliyevin hansı ehtimallarla istintaqdan gizlənə biləcəyini belə açıqlamayıb. Ümumiyyətlə, Turan agentliyinə qarşı cinayət işi saxtalaşdırılıb, Əliyevə qarşı ittihamlar da saxta və qanunsuzdur.

Əliyev özü, Namazlının sözlərinə görə, məhkəmədə bildirib ki, onun həbsi siyasi sifarişdir və onun həbsdə saxlanması üçün heç bir qanuni əsas yoxdur. Vəkillər Əliyevin həbsdən azad edilməsi məqsədilə məhkəmə nəzarəti qaydasında müraciətləri davam etdirmək niyyətindədirlər. Eyni zamanda, Əliyevin həbsi haqqında qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndəriləcək. Əliyevi dəstəkləmək üçün onlarla şəxs – ziyalılar, siyasi partiyaların nümayəndələri, vətəndaş fəalları və dini fəallar Apellyasiya Məhkəməsinin binası qarşısına gəliblər.

 

Daha çox göstər
Back to top button