Təhlil

Komitə: M.Əliyevə qarşı ittihamlar quramadır

Avqustun 31-də “Siyasi Məhbuslarsız Azərbaycan” qurumunun təşkilatçılığı ilə “Mehman Əliyevə Azadlıq Komitəsi”nin toplantısı keçirilib. Natiqlər “Turan” İnformasiya Agentliyinin baş direktoru M.Əliyevin həbsinin səbəbləri, bu həbsin nə dərəcədə qanuna uyğun olmasını və müdafiə üsullarını müzakirə ediblər. M.Əliyevin həbsinə səbəb olan Vergilər Nazirlyinin vergidən yayınma ilə bağlı sənədlərini təhlil edən iqtisadçı Qubad İbadoğlu bu həbsi əsassız adlandırıb.

M.Əliyevə qarşı mühasibatçılıq səlahiyyətini öz üzərinə götürməsi ittihamını da Q.İbadoğlu əsassız adlandırıb. Qanunvericilikdə buna qadağa olmadığını söyləyib. “Burada 60 min manat mənfəət vergisindən yayınma məsələsi də şübhəlidir. Belə ki, 148 min manata 60 min manat mənfəət vergisi hesablanması düzgün deyil, bu, 20 faizlə hesablanır, özü də bütün ödənişlərdən sonra. Qalan bütün ittihamlar da absurddur”. M.Əliyevə qanunsuz sahibkarlıq ittihamına gəlincə, Q.İbadoğlu deyib ki, qanunsuz sahibkarlıq ancaq müəssisə qeydiyyatda olmadığı halda mümkündür. Halbuki, Turan MMC olaraq qeydiyyatdan keçib və burada qanunsuzluqdan danışmağın sadəcə yeri yoxdur.

Q.İbadoğlu M.Əliyevin həbsilə bağlı komitənin hazrladığı kiçik həcmli hesabatın ictiamiləşdirilməsinin də vacib olduğunu bildirib. M.Əliyevin həbsinin əsl səbəbinə gəlincə isə, istər Q.İbadoğlu, istərsə də digər natiqlər bu həbsin siyasi sifarişli olduğunu xüsusi şəkildə nəzərə çatdırıblar. M.Əliyevin müdafiəsinin təşkili üçün müxtəlif formalar təklif edilib və burada M.Əliyevlə bağlı xüsusi buraxılışların buraxılmasından kütləvi aksiyaların təşkilinə kimi geniş çərçivə müzakirə edilib.

Komitənin iclası beynəlxalq və yerli ictimaiyyətə ünvanlanan müraciət qəbul edilməsilə başa çatıb. Belə ki, müraciət müəllifləri M.Əliyevin həbsini əsassız, ona qarşı ittihamları qurama adlandırır. M.Əliyevə qarşı irəli sürülən ittihamların onun həbsinə əsas vermədiyi, hətta bu istintaqın həbs-qətimkan tədbiri olmadan da aparılmasının mümkünlüyü vurğulanır. Müəlliflər son olaraq yerli və beynəlxalq ictimaiyyəti M.Əliyevin həbsdən azad olunması üçün əlindən gələni əsirgəməməyə çağırırlar.

Daha çox göstər
Back to top button