İctimaiyyət

İlham Əliyevin seçki saxtakarlığı Afrikanı da heyrətləndirir

Milli Şuranın sədri Cəmil Həsənli növbəti statusunda Azərbaycanın düşdüyü biabırçı siyasi vəziyyətə Afrikada belə pis baxıldığına diqqəti cəlb edib:

İlham Əliyev rejimi Azərbaycanı bütün dünyaya tanıdıb. Hətta, Afrika ölkələrində belə Azərbaycandakı seçkiləri nümunə gətirib lağa qoyurlar. Niyə də qoymasınlar? 2013-cü ilin prezident seçkilərinin nəticələri seçkidən bir gün əvvəl kiçik bir “texniki xəta” ucbatından bütün dünyaya bəlli oldu. Dünyanın çeşidli ölkələrinin tanınmış televiziyalarında yumor proqramı aparanlar Azərbaycanın seçki “möcüzələrini” Həzrəti Musanın möcüzələri ilə müqayisə etdilər. Avropa məkanında seçki monitorinqinə yeganə mandatı olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müşahidəsi altında keçirilmiş iki prezident və bir parlament seçkilərinin nəticələri başdan-başa saxtakarlıq faktlarını ortaya qoyub. Bu Büronun rəsmən yayınladığı bəyanatlara görə 2008-ci ildə prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. 58 faiz saxtakarlıq nə deməkdir? Bu o deməkdir ki, xalq konstitusiya üzrə seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququndan uzaqlaşdırılıb. Mərkəzi Seçki Komissiyasının saxta nəticələri əsasında hakimiyyət mənimsənilib.

ATƏT-in Varşava Bürosu Azərbaycanda normal seçkilərə ümidini itirdiyi üçün ümumiyyətlə 2015-ci ilin parlament seçkilərini müşahidədən imtina etdi. 

İndi özünüz gördünüz ki, İlham Əliyevin 14 illik müstəbidliyi müsəlman şərqinə ilk cümhuriyyət nümunəsi vermiş bir ölkəni hansı vəziyyətə salıb? Artıq zuluslar, kikuyyu-kamba tayfaları da bizi bəyənmir. XXI əsrdə Azərbaycan pisdəən pisə doğru davamlı nümunələrlə dünyanı heyrətləndirir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button