Təhlil

«Açıq deyə bilərəm ki, Azərbaycanda iqtisadi sahədə pis qanunlar daha çoxdur»

«Exo» qəzetində «Açıq deyə bilərəm ki, Azərbaycanda iqtisadi sahədə pis qanunlar daha çoxdur» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verilir.

Ə.Həsənov hesab edir ki, ölkədə sahibkarlıq tənəzzül edib.

Ekspertə görə, bazar iqtisadiyyatı mülkiyyət hüququnun qorunması, sazişlərin icra olunması, sağlam rəqabət və inhisarın olmaması amillərinə əsaslanır:

«Amma təəssüf ki, hazırda Azərbaycanda hər üç bənd üzrə problemlər müşahidə edilir».

Ekspert ölkədə yaxşı qanunvericilik bazasının olması, amma onun icrasında problemlər yaşandığı haqda düşüncələri də bölüşmür:

«Birbaşa və açıq deyə bilərəm ki, Azərbaycanda iqtisadi sahədə pis qanunlar xüsusilə çoxdur. İqtisadiyyat və biznes üçün ən əsas qanun Mülki Məcəllə hesab edilir. Üstəlik, Mülki Məcəllə Azərbaycanda iqtisadi hüquq pozmalar sahəsində əsas qanunvericilik sayılır. Həm də bu, həcminə görə Azərbaycanın ən böyük məcəlləsidir».

Ə.Həsənov deyib ki, bu məcəllədə bir çox müddəalar anlaşılmazdır. Ekspert bunu həmin müddəaların xarici qanunvericilikdən pis şəkildə köçürülməsi ilə izah edir:

«Hətta qanunvericiliklə hər gün işləyən hüquqşünaslar belə, Mülki Məcəllə müəlliflərinin nə demək istədiklərini anlaya bilmək üçün baş sındırırlar. Odur ki, bu mənada sahibkarların hansı çətinliklərlə üzləşmələri barədə danışmağa sadəcə yer qalmır. Postsovet məkanında ən keyfiyyətsiz Mülki Məcəllə bizdədir».

Ə.Həsənov hesab edir ki, ölkədə sahibkarlıq fəaliyyətini inkişaf etdirməkdən ötrü təkcə qanunları təkmilləşdirmək yetərli deyil. Üstəlik, hökumət özü problemləri aradan qaldırmaqda maraqlı olmalıdır:

«Nə qədər ki, hökumət, məsələn, hər bir korrupsioneri cəzalandırmaq kimi konkret addım atmayıb, biz heç zaman irəli gedə bilməyəcəyik».

Azadlıq Radiosu

Daha çox göstər
Back to top button