Siyasət

‘Kanal 13’ün əməkdaşının evinə polis gəldiyi deyilir

“Kanal 13” internet resursunun əməkdaşı, hazırda Almaniyada məskunlaşan Teymur Kərimovun ailəsinə təzyiqlərin olduğu bildirilir.

Bu haqda jurnalistin özü məlumat yayıb.

T.Kərimovun sözlərinə görə, sentyabrın ilk günlərindən onun Bakıdakı və Tərtər rayonundakı mənzillərinə polis əməkdaşları gəliblər.

Gələnlərin Tərtər Rayon Polis İdarəsinin əməkdaşları olduğu güman edilir.

Jurnalistin sözlərinə görə, Bakıdakı mənzilində yaşamadığından polis əməkdaşları atasının yaşadığı Tərtərin Bəyimsarov kəndindəki evinə gediblər. O, bildirir ki, atasına onunla və həyat yoldaşı ilə bağlı suallar veriblər. Üstəlik, ailə üzvləri barədə qeydlər aparıblar.

Teymur Kərimovun bildirdiyinə görə, dayısı Yaşar Məmmədova, qaynı İlkin Namazlıya da ona görə təzyiqlər edilir.

Jurnalist vurğulayıb ki, polis əməkdaşları yaxınlarından onun peşə fəaliyyətindən, sosial şəbəkələrdə fəallığından çəkinməsi tələb olunub.

Tərtər Rayon Polis İdarəsinin növbətçi hissəsi ilə əlaqə saxlamaq mümkün olsa da, onlar deyilənlərə heç bir münasibət bildirməyiblər. Sualı eşidən kimi dəstəyi asıblar. Deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də münasibət almaq mümkün olmayıb.

Daha çox göstər
Back to top button