‘Azərbaycanın pulyuyan maşını’
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını”adlı yeni araşdırmasında deyilir ki, Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəətləmək üçün istifadə edib.
2, 5 milyard avronun (2, 8 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.
Bu iki media qurumu sonradan pulların hara getməsinə dair birgə araşdırma aparıb.
Təhqiqatın nəticələrini cəmləşdirən yekun məqalə “Azərbaycanın pulyuyan maşını” adlandırılıb, çünki iri məbləğlər mənşələrinin gizlədilməsi üçün silsilə balıqqulağı şirkətlərdən keçirilib.
Bu araşdırama ölkənin kleptokrat hakim zümrəsinin milyardlarla dollar pulu necə hərəkət etdirdiyini göstərir. Başqa şeylərlə yanaşı bu puldan həqiqətin susdurulmnası üçün də istifadə edilib. Sözü gedən zaman kəsiyində 90-dək insan haqları fəalı, müxalifətçi və jurnalist siyasi motivli ittihamlarla həbsxanalara atılıb. Bu da bəlli olub ki, azı üç Avropa rəsmisinə, rejimi tərifləyən yazılar yazan bir jurnalistə və hakimiyyəti mədh edən biznesmenlərə də bu pulyuyan maşından pay çatıb. Bu şəxslər öz məqsədləri üçün bəzən hətta UNESCO və AŞPA kimi nüfuzlu təşkilatları da hökumətin PR-ı üçün hərəkətə gətirə biliblər. 13 min pul tranşını əks etdirən sənədlərdən məlum olur ki, Azərbaycanın pulyuyan maşının özəyini dörd əsas balıqqulağı şirkəti təşkil edir. Bu şirkətlərin hamısı Birləşmiş Krallıqda qeydiyyatdan keçirilib.
Məlum fərdlər, naməlum şirkətlər…
Bundan başqa məlum olub ki, Avropanın iri maliyyə təsisatlarından Danske Bankhəyəcan siqnalı verməli olduğu halda pul köçürmələrinə göz yumub. Bu bankın Estoniya filialı sözü gedən Azərbaycan paltaryuyan maşının dörd şirkətinə əməliyyat xidməti göstərərək milyardların onun hesablarından keçməsinə şərait yaradıb. Əsas pul köçürmələri yenə də Britaniyada qeydiyyatdan keçmiş balıqqulağı şirkətlərinə edilib, Bundan başqa böyük məbləğlərdə pullar Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki şirkətlərə köçürülüb.
Bu pul axının böyük bir hissəsinin son mənzili naməlumdur, lakin sənədlər milyonlarla dolların dünya boyunca müxtəlif şirkət və fərdlərin bank hesablarında oturduğunu göstərir. Təhqiqatın hesabatında iddia edilir ki, pulları almalı olan şəxslərin arasında hökumət postları tutan tanınmış azərbaycanlılar da var. Bunlardan biri də Azərbaycan baş nazirinin birinci müabvini, ölkənin ən qüdrətli siyasətçilərindən biri olan Yaqub Eyyubovdur. Araşdırma nəticələrində habelə Azərbaycanda korrupsiya ilə mübarizə etməli olan Əli Nağıyevin də adı çəkilir. “Məlum olur ki, o və ailəsi də pulların yuyulması sistemindən istifadə ediblər” – deyilir araşdırmada.
Daha 130 milyon dolların böyük əczaçılıq şirkəti olan AvroMed-ə getdiyi bildirilir. Bu şirkətin həmtəsisçisi Azərbaycan parlamentində Avropa İttifaqı siyasətçiləri ilə əlaqələrə cavabdeh olan millət vəkili Cavanşir Feyziyevdir. Bəs bu pullar hardan gəlir? – deyə sual edir təhqiqat jurnalistləri. Pulların dəqiq mənbəyi məlum deyil, çünki, bu, bir neçə məxfi balıqqulağı şirkətlərinin arxasında gizlədilib. Lakin bunun prezident İlham Əliyevin ailəsi ilə bağlılığını göstərən geniş dəlillər var.
2, 9 milyon dolların az qala yarısının Azərbaycan Beynəlxalq Bankında Əliyevlərə bağlı müəmmalı balıqqulağı şirkətinin hesabından gəldiyi məlumdur. Bu pulların ikinci və üçüncü ən böyük hissələri rejimin daxilindəki şəxsə birbaşa bağları olan iki şirkətə aiddir. Daha bir müəmma budur ki, dördüncü hissə Rusiyanın silah ticarətçisi Rosoboronexport şirkətinə aiddir.
Azadlıq Radiosu