Ekonomika

”A-98 Super” markalı benzinin qiyməti bahalaşıb

Nazim Bəydəmirli: Artım idxalı həyata keçirən şirkətlərin maraqlarına uyğunlaşdırılıb, nəinki istehlakçının

Azərbaycanda “A-98 Super” markalı benzinin qiyməti bahalaşıb.

Lent.az-ın məlumatına görə, “A-98 Super” benzinin qiyməti 10 qəpik bahalaşaraq, 1,2 manatdan 1,3 manata yüksəlib.

Amma Tarif Şurasının saytında qiymət artımı ilə bağlı heç bir informasiya yoxdur. Sayta sonuncu dəfə iyul ayında xəbər yerləşdirilib.

15 iyulda A-92 markalı benzin də 20 qəpik bahalaşaraq, 90 qəpik olmuşdu.

Qiymətin qalxmasını Meydan TV-yə şərh edən iqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli “A-98 Super” benzinin Azərbaycana idxal olunduğunu deyib.

Nazim Bəydəmirli təəssüflənir ki, son 20 ildə yerli zavodlar müvafiq standartlara cavab verən benzin istehsalını həyata keçirə bilməyib.

Ekspert deyir ki, bunun üçün böyük vəsaitlər də lazım deyildi. Sadəcə, zamanında xam neftin satışına üstünlük verən SOCAR “A-98 Super” beznzinin daha dərin emal olunmasına vəsait ayırmalı idi.

Nazim Bəydəmirli bildirib ki, “A-98 Super” benzini Rumıniyadan idxal olunur və cəmi bir və ya iki şirkət idxal edir, ona görə də istər istəməz “monopol qiymət” hökmranlıq edir:

“Ancaq mənim bildiyimə görə bu marka  benzinin topdan satış qiymətinin Rusiyada 1 tonu 450 dollar civarındadır. Aksiz və digər vergiləri nəzərə almasaq, qiyməti Azərbaycan sərhədində təqribən 31 sentə olur, indiki kursla bu gün təsdiq olunmuş qiymət təxminən 77 sentə qalxıb. Bu qiymət yerli alıcının maddi durumu ilə uzlaşmır. Deməli, artım idxalı həyata keçirən şirkətlərin maraqlarına uyğunlaşdırılıb, nəinki istehlakçının. Azərbaycan kimi ölkələrdə vətəndaş aldığı məvaciblə istehlak qiymətlərinin mütənasibliyini gözləməyə çalışır. Ona gərə hökumət qiymət siyasətində alıcıların da da vəziyyətini nəzərə almalıdır. Bunun da yolu iqtisadiyyatın demonopolizasiyasından keçir. Sadəcə, zamanında xam neftin satışına üstünlük verən Azərbaycan hökuməti, SOCAR və başqa neft şirkətləri qarşısında xam neftin daha dərin emalı üçün tələblər qoymalı, bununla da neft məhsullarının , o cümlədən ” A-98 Super” benzin də Rumıniya və ya başqa ölkələrdən idxal olunmasına ehtiyac olmazdı. Artıq “qatar gedib”, gecdir və utandırıcıdır ki, biz neft ölkəsi olaraq həm də neft məhsullarından asılı vəziyyətə düşmüşük”.

Daha çox göstər
Back to top button