Təhlil

“Azərbaycan” Qərbi hədələyir və M.Əliyevin həbsinin siyasi motivlərini etiraf edir

Rəsmi dövlət qəzeti olan “Azərbaycan” 9 sentyabr tarixli nömrəsində dərc etdiyi geniş məqalədə (“ABŞ-da Obama dövrünün stereotipləri yaşayır”) “Qərbin müəyyən dairələrinin” Bakıya qarşı başlatdığı “qarayaxma kampaniyasından” bəhs edir.

Xüsusən, məqalədə Qərb mətbuatında OCCRP beynəlxalq jurnalist şəbəkəsinin Azərbaycan şirkətlərinin və məmurlarının böyük pul vəsaitlərinin yuyulmasında əli olması haqqında araşdırmalarının dərc edilməsindən, ABŞ Dövlət Departamenti nümayəndəsinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsini tələb etməsindən, Amerikalı senator R.Durbinin jurnalistin cinayət təqibi ilə əlaqəsi olan şəxslərə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsündən, beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən Bakının ünvanına tənqiddən narazılıq ifadə olunur.

“Azərbaycan” qəzetindəki nəşrdə iddia olunur ki, “Azərbaycanı daim hədəfdə saxlayan sorosçu dairələr və erməni lobbisi yaranmış fürsətdən istifadə edərək ABŞ-Azərbaycan münasibətlərini, strateji tərəfdaşlıq əlaqələrini pozmaq üçün hərəkətə keçiblər”.

“Azərbaycan” “rəsmi Vaşinqtonun Obama dövrünün stereotiplərindən, müxtəlif lobbi qruplarının dövlətin rəsmi siyasətinə güclü təsir vasitələrindən hələ də xilas ola bilməməsindən” gileylənir.

Qəzet xəbərdarlıq edir ki, “ABŞ-da antiazərbaycan dairələri və lobbi maraqları üstün gələrsə, Rusiyaya tətbiq olunan “Qlobal Maqnikski Aktı” Azərbaycana da şamil olunarsa, rəsmi Bakı Qərblə strateji tərəfdaşlıq əlaqələrindən imtinanı nəzərdə tutan adekvat addımlar ata biləcəyi tam realdır”.

Bu zaman xatırladılır ki, böyük regional oyunçuların təzyiqlərinə baxmayaraq, Bakı çoxistiqamətli, balanslaşdırılmış siyasətə üstünlük verir və ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaşlığı inkişaf etdirirdi. Amma, məqalədə iddia olunur ki, “sanksiyalar və bu cür yanlış addımlar rəsmi Bakını xarici siyasətinə yenidən baxmağa və birtərəfli seçimə üstünlük verməyə vadar edə bilər”. “Bu isə regionda böyük maraqları olan ABŞ və Qərb dövlətləri üçün ciddi itki olacaq”, deyə məqalədə qeyd edilir.

“Azərbaycan” qəzetinin fikrincə, Bakının daha bir cavabı nəşrin “beşinci kolon”a, Qərbin “dostlarına” aid etdiyi fəallara və jurnalistlərə qarşı repressiv addımlar ola bilər.

“Bu gün Azərbaycana qarşı yeni kampaniyanı sanksiyalaşdıranlar sadəlövhcəsinə zənn edirlər ki, bu addımla “5-ci kolon”u, öz “dostlarını” müdafiə edə biləcəklər. Uzun illərdir rəsmi Bakı Xədicə İsmayıl, Mehman Əliyev, Emin Milli və digər bu kimi anti-milli ünsürlərin, Qərbin QHT və media şəbəkəsinin özbaşınalığına göz yummağa çalışıb, onların konkret olaraq bəlli missiya yerinə yetirdiyi açıq-aydın görünsə də, buna dözümlü yanaşıb. Ancaq bu şəbəkənin fəaliyyəti dövlətin əsaslarını sarsıtmağa başlayanda preventiv tədbirlərin həyat akeçirilməsi zərurətə çevrilib və lazımi addımlar atılıb. Qərbin yeni “demarşı” isə bu addımların daha da dərinləşdirilməsi üçün ciddi əsas yarada bilər”, deyə məqalədə qeyd edilir.

Rəsmi qəzet faktiki olaraq Mehman Əliyevin təqibinin siyasi motivli olduğunu təsdiq edir. Belə ki, hüquq-mühafizə orqanlarının versiyasına görə Əliyev iqtisadi cinayətlər törətməkdə ittiham olunursa, “Azərbaycan” Turan-ın direktorunu “dövlətin əsaslarını sarsıdan” fəaliyyətdə ittiham edir, bu zaman bu fəaliyyətin nədən ibarət olduğunu dəqiqləşdirmir.

“Azərbaycan”ın redaksiya məqaləsi bir çox hakimiyyətyönlü KİV-lər tərəfindən bütünlüklə dərc edilib ki, bu da onun rəsmi Bakının mesajlarını əks etdirdiyini düşünməyə əsas verir.

Daha çox göstər
Back to top button