Beynəlxalq

Avropa Şurası ilə konflikt Qarabağ problemini daha da çətinləşdirəcək

Bu gedişlə Qarabağ məsələsinin həllində beynəlxalq dəstəyi itirə bilərik. Hökumətin yanlış siyasəti nəticəsində Rusiya-Ermənistan hərbi-siyasi cütlüyü qarşısında təklənən Azərbaycanın müqavimət gücü zəifləyə, bir müddət sonra təslimçi sülhə məcbur edilə bilər.
Hazırda beynəlxalq aləmdə Azərbaycanla bağlı çox neqativ yöndə fəal müzakirələr gedir. Ölkə iqtidarına bağlılığı iddia edilən 2.9 milyardlıq “Azərbaycanın Pulyuma Maşını” ilə bağlı korrupsiya faktının üzə çıxması ətrafında intensivləşən müzakirələr dövlətimizi əlverişsiz və təhlükəli hala yaxınlaşdırmaqdadır.
ABŞ-da müzakirə edilən sanksiyalar və Avropa Parlamentinin korrupsiya ilə bağlı araşdırma aparılması tələbinin ardından, Avropa Şurasının baş katibi T.Yaqland da Azərbaycana qarşı analoqu olmayan hüquqi addımların atilmasını tələb edir.
Azərbaycan hökuməti AŞ qarşısında götürdüyü öhdəliklərə məhəl qoymursa, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etməkdən yayınırsa, siyasi məhbusları azadlığa buraxmırsa, eyni zamanda siyasi repressiyaları və korrupsiya əməllərini davam etdirirsə, onun AŞ üzvlüyündə bu şəkildə davam etməsinə əsas qalmadığını gündəmə gətirib.
Əgər Qarabağ məsələsi kimi nəhəng bir problemimiz olmasaydı, bəlkə də baş verənlərin üzərində bu qədər narahatlıqla dayanmağa da dəyməzdi. Xüsusilə də indiki qlobal və regional ziddiyyətlərin pik həddə çatdığı bir zamanda, həlli nüfuzlu beynəlxalq təşkilatlardan asılı hala salınmış bir problemin düyünə düşmüş həllindən gedir.
Qarabağ məsələsinin həlli istiqamətində qərbin yanaşması hər zaman ölkəmizin milli maraqlarına əsasən uyğun olub və danışıqlarda Azərbaycan diplomatiyasının əlini gücləndirib. Elə ən son ATƏT-in amerikalı həmsədri Hoqlandın açıqladığı “7 rayon işğaldan tam azad olunmalı və rəsmi Bakının icazəsi olmadan bu ərazilərdə məskunlaşma qadağan edilməlidir. Həmin rayonlarda Azərbaycanın suverenliyi bərpa olunmalıdır” fikirləri də bunun təsdiqidir.
AŞ Qarabağ məsələsinin həlli ilə birbaşa məşğul olmasa da, nüfuzlu beynəlxalq siyasi təşkilat kimi problemin həllinə dolayısı ilə çox ciddi təsirləri var. Daim Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşan bir qurumla münasibətlərin korlanması arzuolunmaz haldır. AŞ-nın Azərbaycana qarşı atacağı sərt addımların bir sıra sahələrdə təhlükəli nəticələri ola bilər. Bunun qarşısını almaq üçün hökumət təcili siyasi məhbusları azadlığa buraxmalı, siyasi, söz, mətbuat və ifadə azadlıqlarını təmin etməlidır. Daxili siyasətdə öz hegomonluğunu saxlamaq naminə, dövlətin təməl maraqlarını zərbə altına atmaq yolverilməzdir.

Daha çox göstər
Back to top button