İctimaiyyət

AzadlıqRadiosu Azərbaycan hökumətini Avropa Məhkəməsinə verir

AzadlıqRadiosu Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini az qala üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

AzadlıqRadiosunun prezidenti Thomas Kent deyib: “Biz Azərbaycanın ədliyyə sistemi tərəfindən bizə qarşı irəli sürülmüş ittihamların ləğvi istiqamətində heç bir irəliləyişə nail ola bilməmişik. Bu ittihamlar əsassızdır və Azərbaycan AİHM-in yurisdiksiyasına daxil olduğundan biz bu məsələ ilə bağlı məhz bu məhkəməyə müraciət etmək qərarına gəlmişik”.

Azərbaycan məmurları 2014-cü ilin dekabrında AzadlıqRadiosunun Bakı bürosuna reyd keçirib – vergi ilə əlaqədar iki ittiham da daxil, bir sıra ittihamlar irəli sürüb. AzadlıqRadiosu dəfələrlə bu ittihamların qondarma olduğunu bildirib.

Thomas Kent daha sonra deyib: “Biz bu qənaətə gəlirik ki, bu qondarma təhqiqat sadəcə dolaşıqlıq yaratmaq məqsədi güdür. Təhqiqat qanun pozuntusuna dair heç bir dəlil aşkar etməsə də, bizim Bakı büromuzu hüquqi baxımdan fəalityyətsiz vəziyyətə gətirib və jurnalistlərimiz üçün təhdid ab-havası yaradıb”.

Ayrıca olaraq, AzadlıqRadiosu, Azərbaycan Xidmətinin internet saytının “ölkənin milli təhlükəsizliyinə hədə yaratmaq” və “ekstremist materiallar dərc etmək” ittihamı ilə məhkəmə tərəfindən bloklanmasına qarşı apellyasiya iddiası irəli sürüb. Bu qadağa mart ayından bəri qüvvədədir. Bu iş üzrə məhkəmənin vaxtı müəyyən edilməyib.

AzadlıqRadiosunun Azərbaycan Xidməti özünün internet, peyk, Facebook, YouTube, Instagram və başqa rəqəmsal platformalarda fəal yayılan məqalə, audio və video materialları ilə ölkədə əvəzsiz müstəqil xəbər mənbəyidir.

Daha çox göstər
Back to top button